İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihinin rəhbərliyi ilə bu ölkə parlamentinin nümayəndə heyəti oktyabrın 29-da Şuşa şəhərinə səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən QİA.az-a verilən məlumata görə, qonaqlar əvvəlcə Füzuli rayonuna gəliblər. Burada onlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, işğal dövründə ermənilər tərəfindən törədilmiş dağıntılara baxış keçiriblər. Nümayəndə heyətinə işğaldan azad edildikdən sonra rayonda Azərbaycan dövləti tərəfindən aparılan yenidənqurma işləri, həyata keçirilən layihələr barədə məlumat verilib.
Sonra Şuşaya səfər edən qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti, eyni zamanda, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə burada aparılan bərpa və quruculuq işləri barədə məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti Yuxarı Gövhər Ağa məscidi və digər abidələrlə tanış olub, Cıdır düzünə qalxıblar. Milli Məclisin deputatı İlham Məmmədov qonaqlara Cıdır düzü barədə məlumat verib. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər.
Sonra qonaqlar Şuşanın Qala divarlarını seyr edib, şəhər meydanına baş çəkiblər. Onlara şəhər meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.