İri dövlət şirkətlərinin yeni yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin (AİH) tabeliyinə verilməsinin əhəmiyyətini 2021-ci ilin ikinci rübündən başlayaraq görmək mümkün olacaq.
Bunu “QİA.AZ”a iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, iri dövlət şirkətlərinin AİH-in tabeliyinə verilməsi ölkənin iqtisadi atmosferində yeni canlanma yaratmaq, idarəetmə sisteminə yeni yanaşmanın tətbiqnə, şirkətlərin fəaliyyətində səmərəliliyin artırılmasına nail olmaq məqsədi daşıyır:
“Prezident İlham Əliyev AİH ilə bağlı imzaladığı sonuncu fərmanla 21 dövlət şirkət və müəssisəsinin idarəçilik səlahiyyətlərini bu holdinqinə verdi. Amma ölkə başçısının müəyyən etdiyi hallarda həmin şirkətlərin müstəsna səlahiyyətləri özündə qala bilər. AİH-in maliyyələşdirilməsi məsələsidə fərmanda aydın şəkildə öz əksini tapıb. Belə ki, Holdinqin fəaliyyət göstərməsi üçün xərclər ilk 3 il ərzində dövlət büdcəsinin vəsait ayrılacaq. Bu zaman AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınacaq. Bundan başqa, Holdinqin idarəçiliyinə verilməsi nəzərdə tutulan dövlət şirkətləri ki var, onların da illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına maliyyə mənbəyi formalaşacaq. Fərmanda AİH-in əldə edəcəyi maliyyə mənbəyinin bu 2 istiqamətlə məhdudlaşmayacağı ifadə edilərərk, bildirilir ki, AİH qanun qadağan etmədiyi digər istiqamətlərdən də maliyyələşə bilər”.
E.Əmirov hesab edir ki, fərmanın icrası ilə bağlı məsələlərin həlli üçün əlaqədar qurumlara 3 ay, eləcə də digər hüquqi aktların bu fərmana uyğunlaşdırması üçün mərkəzi icra hakimiyyəti orqanlarına 5 ay vaxtın verildiyi nəzərə alınarsa, yaxın vaxtlarda hansısa ciddi dəyişiklərin hiss ediləcəyini gözləmək olmaz:
“Çünki sözügedən şirkətlər növbəti ilin ilk ayının birinci yarısına qədər mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini AİH-ə təqdim etməlidirlər. Odur ki, AİH-nin bu şirkətlərin idarəçiliyindəki rolunu 2021-ci ilin ikinci rübündən başlayaraq görmək olacaq”.