Akademik İsa Həbibbəyli AMEA-nın yanvarın 8-də keçirilən iclasında qəbul edilən qərarla birinci vitse-prezident vəzifəsindən azad edilməsinə münasibət bildirib.
QİA.AZ Reporta istinadən xəbər verib:
Onun sözlərinə görə, AMEA-da da birinci vitse-prezidentin bir nəfər müəyyən edilməsi dünya akdemiyalarında olan prosesə tamamilə uyğundur:
“Birinci vitse-prezident akdemiyanın prezidentindən sonra ikinci adamdır. Əsasən təşkilati, inzibati işləri həyata keçirir, akademiyanın prezidentinin tapşırıqlarını yerinə yetirir və onun fəaliyyətini digər vitse-prezidentlərlə əlaqələndirir. Bu baxımdan bir nəfərdən ibarət birinci vitse-prezident institutunun müəyyən olunması akademiyanın prezidentləri ilə vitse-prezident institutlarının fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi baxımından fayda verəcək”.
“Hesab edirəm ki, AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyevin təyin edilməsi düzgün qərardır və uyğun kadrdır. Onun həm geniş ali məktəb təcrübəsi var, həm vitse-prezident kimi çalışıb. Öz sahəsində də tanınmış alimdir. Ona görə tamamilə uyğundur. Digər tərəfdən də akademiyanın rəhbərinin ictimai elmləri, birinci vitse-prezidentin isə təbiət elmlərini təmsil etməsi, məncə, çoxşaxəli elmi fəaliyyət sahəsi olan akademiyanın idarə olunmasında əhəmiyyətli olacaq”, – o əlavə edib.
Qeyd edək ki, qəbul edilən qərara uyğun olaraq akademiyada yalnız bir birinci vitse-prezident vəzifəsi təsis olunub. Akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.
AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə isə akademik Dilqəm Tağıyev seçilib.
D.Tağıyev daha əvvəl AMEA-nın vitse prezidenti vəzifəsini icra edib.
Beləliklə, AMEA-da yalnız bir birinci vitse-prezidenti vəzifəsi yaradılıb və vitse-prezidentlərin sayı artırılıb.
Hazırda AMEA-nın vitse-prezidentləri akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, akademik Nərgiz Paşayeva, akademik Tofiq Nağıyev, akademik İradə Hüseynova və akademik Rasim Əliquliyevdir.