İSBAM böyük Zəfərlə bağlı Türkiyədə silsilə sərgilər təşkil edib

Azərbaycan xalqının tarixi böyük Qələbəsinin birinci ildönümünə, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş mərasim və tədbir qardaş Türkiyədə davam etməkdədir.
Belə silsilə tədbirlər Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) tərəfindən də təşkil olunub.
Türkiyə Çorum vilayətinin Sunqurlu və Osmancıq rayonlarında, eləcə də Qars şəhərində keçirilən 44 günlük Vətən müharibəsinin şəhid hərbçilərinin fotolarından ibarət sərgi yerli ictimaiyyət tərəfindən böyük ehtiramla qarşılanıb. Sərgiləri ziyarət edənlər canları və qanları bahasına torpaqlarımızı işğaldan azad edən qəhrəmanlarımızın xatirələrini ehtiramla yad ediblər.
Açılışlarda Osmancıqda rayonun icra başçısı Ayhan Akray və bələdiyyə başçısı Ahmet Gelgör, Sunqurlunun icra başçısı Fatih Görmüş, Sunqurlu bələdiyyə başçısının vəkili Bahri Sezen və çox saylı ictimaiyyət nümayəndələri, siyasi partiya rəhbərləri tədbirdə iştirak ediblər. Daha sonra Çorum şəhərində şəhid qəhrəmanlarımızın xatirəsini anmaq üçün şəhərin Hürriyyət meydanında 2 gün davam edən rəsm sərgisinin açılışı olub.
Tədbirdə Çorum bələdiyyə başqanı Halil İbrahim Aşgın, ictimai təşkilatların rəhbərləri, bələdiyyə məclis üzvləri, qazilər və şəhid ailələri iştirak ediblər. Hər 3 şəhərdə keçirilən sərginin açılışında İSBAM sədri Samir Adıgözəlli çıxış edərək 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin böyük siyasi və mənəvi dəstəyini vurğulayıb, bu müharibənin, eyni zamanda, “Bir millət iki dövlət” anlayışının əsl təsbiti olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyev, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı böyük Zəfərin dünya hərb tarixinə qızıl hərflərlə həkk olduğunu ifadə edib.
Azərbaycan heyəti Türkiyədə keçirdiyi proqramın son 2 gününü Qars şəhərində təşkil edib.
Qars KARPAT Mədəniyyət Evində və şəhərin Valilik parkında təşkil olunan tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və sakinlər Azərbaycan şəhid hərbçilərinin fotolarından ibarət sərgiyə baxıblar.
Qars Valilik parkında baş tutan sərginin açılışında Qars müftisi Yusuf Eviş şəhidlərimizin ruhun dualar oxuyub.
Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev və İSBAM sədri Samir Adıgözəlli çıxışlarında Azərbaycanın Qarabağdakı böyük Zəfərindən və Türkiyənin göstərmiş olduğu qardaş dəstəyindən geniş bəhs ediblər.

Oxşar Xəbərlər