Davam edən II Qarabağ savaşında Azərbaycan ordusunun arsenalında olan texnikalarla tanışlığı davam edirik.
“QİA.AZ” ermənilərin qorxulu kabusuna çevrilmiş HAROP-dan sonra Quru Qoşunlarının əsas döyüş tankları olan T-72 və T-90-ı təqdim edir.
T-72 Aslan sovet istehsalı olan əsas döyüş tankıdır. İstehsalına ilk dəfə 1971-ci ildə başlanıb. İkinci dünya müharibəsindən sonra ən çox istehsal olunan 2-ci tankdır və istehsal sayına görə yalnız T-54/55 tanklarından geri qalır. İndiyə qədər 20 min ədəd bu tankdan istehsal edilib.
Digər SSRİ mənşəli tanklarda olduğu kimi, T-72 tankları da enli, qısa və bəstədir. Bu tanklar hazırda da dünyanın ən yüngül tanklarından biri hesab olunur və hündür ərazilərə dırmanma gücü ağırlığının az olması səbəbiylə çox yüksək səviyyədədir.
Tank gücünü V tipli və dizel yanacağı ilə işləyən 786 at gücü olan mühərrikdən alır. Bu tankın əsas silahı avtomatik olaraq doldurulan 125 mm-lik yivsiz bir tank topudur. Tankın əsas silahının maksimum təsir məsafəsi 9100 metrdir. Maksimum nişan alma mənzili 4000 metrdir. TPD-2-49 optik nişangahın vasitəsilə tank 1000 metr ilə 4000 metr arasında olan hədəfləri nişan ala bilir.
Tankın maksimum sürəti 60 km/saat (son modellərdə 75 km/saat), maksimum yürüş məsafəsi-hərəkət mənzili 460 kilometrdir.
T-90 Rusiya istehsalı 3-cü nəsil əsas döyüş tankıdır. T-72-ləri əvəz etmək üçün istehsal olunub. Tankın atəşi idarəetmə sistemi avtomatlaşdırılıb, aşağı surətlərdə hərəkət edən hədəflərə dəqiq zərbə endirmək üçün elektron tank ballistik ayırdedicisi ilə təchiz olunub, kondisioneri var (istehsalçının sifarişinə əsasən). Tank komandiri həm zenit-pulemyot qurğusundan, həm də tankın əsas silahından atəş açmaq üçün elektron qurğuya malikdir.
T-90 istənilən hava şəraitində və sutkanın istənilən vaxtında hədəfi dəqiq vurmağa imkan verən elektron sistemlərlə təchiz olunub. PNK-4S müşahidə sistemi ilə gecə vaxtı tank ölçüsündə olan hədəfləri 1100 m məsafədə müəyyən edir. Tankın əsas silahı 125 millimetrlik avtomatik doldurulan 2A46M topudur. Dörd tip mərmidən atəş aça bilir. T-90 tankları eyni zamanda tank əleyhinə idarəolunan raketlərlə də atəş açmaq qabiliyyətindədir. Tank 25 km/saat sürətlə hərəkət edərkən 54 saniyə müddətində 2500 m məsafədəki 7 müxtəlif zirehli hədəfləri vura bilir.Tankın çəkisi 46,5 – 50 ton, uzunluğu 9,53 m (lülə daxil olmaqla); 6,86 m (yalnız gövdə), eni 3,37 metr, yüksəkliyi 2,23 metr, daxili həcm: 11,04 m³ (ümumi), 1,85 m³-dir (qüllə). Tank 840 AG V-84MS dizel mühərriklə çalışır və 830 mm-lik zirehi, ştora-1 infraqırmızı və lazer şüalarını pozucu sistem, 5 dinamik zireh, 82 mm-lik 902B tüstü bombasına sahibdir. T-90 tankının əsas döyüş silahı 9M119M Refleks-M mərmisi də ata bilən 125 mm-lik yivsiz top, köməkçi müharibə silahı 7,62 mm-lik Pkt pulemyotu və 12,7 mm-lik NSVT hava müdafiə pulemyotudur.