İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın gələcək inkişafının bünövrəsidir

Yan 16, 2022

Hazırda Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun yaradılması və bərpası üzrə irimiqyaslı işlər davam etdirilir. Bu infrastruktur sayəsində məcburi köçkünlər 30 illik ayrılıqdan sonra öz doğma yurdlarına qayıda biləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli telekanallara müsahibəsində qeyd etdiyi kimi, bu il artıq bu infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək

Artıq məktəblərin, xəstəxanaların təməlini qoyulub, Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Bununla işlər tamamlanmır.

QİA.AZ xəbər verir ki, Amerikalı ekspert Piter Teys Trend-ə bildirib ki, Prezident İlham Əliyev hər zaman azad edilmiş ərazilərdə iri strateji infrastuktur layihələrinə xüsusi diqqət ayırıb.

O qeyd edib ki, azad edilmiş ərazilərdə infrastrukturun sürətlə inkişafını müşahidə etmək sevindiricidir.

“Füzulidə Beynəlxalq hava limanı, Ağdamda Sənaye parkı və yeddi rayonu birləşdirəcək çoxsaylı iri avtomobil yolu layihələri, iqtisadi hərəkətliliyi artıracaq və Azərbaycanı yüksək inkişaf etmiş ölkəyə çevirəcək. Biz Azərbaycan tarixində çiçəklənmə və sürətlənmiş iqtisadi inkişaf dövrünü müşahidə edirik”, – deyə P.Teys bildirib.

Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Stanislav Pritçin qeyd edib ki, azad edilmiş ərazilərdə bərpa işləri ölkənin inkişaf strategiyasına uyğundur, Çin təcrübəsi də göstərir ki, infrastruktura investisiyalar iqtisadin inkişafın ən əsas amillərindəndir.

Onun sözlərinə görə, Azərbaycan azad edilmiş ərazilərdə nəqliyyat və enerji infrastrukturuna investisiya qoymaqla ümumilikdə ölkənin iqtisadi artımı üçün imkanlar yaradır.

“Bu, regionda iqtisadi fəallıq üçün şərtlərdir. Yeni müəssisələr, əlavə dəyərli yeni məhsullar yaranır və bütün bunlar qlobal olaraq ölkə iqtisadiyyatına və onun inkişafına təsir edir”, – deyə o bildirib.

Prezidenti İlham Əliyevin sözlərinə görə, azad edilmiş ərazilərə qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Ona görə həm vaxt itirilməməlidir, həm də tələskənlik olmamalıdır.

Məhz bu məqsədlə Azərbaycan bərpa layihələri üzrə beynəlxalq əməkdaşlığın inkişafı üçün tədbirlər görür, yeni infrastruktur obyektlərinin təməli atılır, eyni zamanda minaların təmizlənməsi üzrə işlər də dayanmır.

Oxşar Xəbərlər