İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Mayın 18-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb.

Forum İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Tatarıstan Respublikası Gənclərlə İş Nazirliyi, Tatarıstan Respublikası “Selet” Gənclər Fondu və Gənclərin Diplomatiya Akademiyasının birgə təşkilatçılığı, eləcə də, Sabah.Hub və Kazan IT Parkın və digər təşkilatların tərəfdaşlığı ilə keçirilib.

QİA.az xəbər verir ki, bu barədə Avrasiya Regional Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Forumun bağlanış mərasimində çıxış edən Tatarıstan Respublikasının Gənclərlə iş naziri Rinat Sadıqov, İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktoru Rafiq İsmayılov, Rusiya Federasiyasının Gənclər iş üzrə Federal Agentliyinin rəhbərinin müavini Dəmir Fəttaxov, Tatarıstan Respublikası başçısının köməkçisi Timur Süleymanov, Tatarıstanın mədəniyyət naziri İradə Ayupova, eləcə də bir sıra beynəlxalq təşkilat nümayəndələri və ölkə rəsmiləri İƏT ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumunun işini başa vurması münasibətilə iştirakçıları təbrik edərək Forumun növbəti dəfə İƏT məkanında fəaliyyət göstərən gənc iş adamlarının şəbəkələşməsi prosesinə böyük töhfə verdiyini, yeni ideya və təşəbbüslərin həyata keçməsinə münbit şəraitin yaranmasını vurğulayıblar.

İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktoru Rafiq İsmayılov çıxış edərək təmsil etdiyi qurumun adından tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib, bundan sonra da Tatarıstan Respublikasından olan qurumlarla əməkdaşlıq ediləcəyini bildirib. O, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbiri barədə ümumi məlumat verərək ətraf mühit, bərpa olunan enerji, iqlim dəyişikliyi ilə mübarizədə səmərəli təsiri olan startap layihə müəlliflərini də həmin tədbirdə görəcəyinə ümid bəslədiyini söyləyib. Mərkəzin Baş direktoru Forumun ilk günü İƏGF Avrasiya Regional Mərkəzi və Tatarıstanın Gənclərlə İş Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumunun şərtlərinin, xüsusilə, İƏT ölkələrinin Gənc Sahibkarlarının Kazan Forumunun bundan sonra da həyata keçməsi üçün müvafiq addımların atılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Forumun keçirildiyi günlərdə İƏGF Avrasiya Regional Mərkəzinin nümayəndələri bir sıra görüş və tədbirlərdə iştirak ediblər. Həmin fəaliyyətlərə, ICESCO-nun Baş katibi və digər rəsmilərin iştirakı ilə keçirilən sessiya, Tatarıstanın başçısı Rüstəm Minnixanov ilə görüş, VIII İƏT ölkələrinin Gənc Diplomatlarının Forumunda iştirak, eləcə də Rusiya – İslam Dünyası Kazan Forum 2024 çərçivəsində keçirilən və dövlət, həmçinin beynəlxalq təşkilatların rəsmilərinin iştirakı ilə təşkil edilmiş axşam ziyafəti daxildir.

Forumun yekununda Azərbaycan və Avrasiya regionunda yerləşən İslam ölkələrini təmsil edən startap layihələrinin təqdimatlarına əsasən rəsmilərdən və ekspertlərdən ibarət münsiflər heyətinin fikirləri dinlənilib və startap layihələri qiymətləndirilərək komandalar müxtəlif qiymətli hədiyyələrlə təltif ediliblər.

Oxşar Xəbərlər