İsmayıllıda Vətən müharibəsinin qəhrəmanları və ailələri ilə görüşlər davam edir

Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları bu dəfə Kürdmaşı, Qubaxəlilli və Xəlilli kəndlərində yaşayan qazilərimizi evlərində ziyarət ediblər.

İsmayıllı rayon İcra Hakimiyyətindən “QİA.AZ”a verilən məlumata görə, pandemiya qaydalarına uyğun baş tutan ziyarətdən məmnun qalan qazilərimiz və ailə üzvləri ilə söhbət edilib. Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qələbə qazanan rəşadətli Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları keçdikləri şərəfli döyüş yolundan danışaraq öz təsüratlarını bölüşüblər. Ailə üzvləri onlarla qürur duyduqlarını qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, rayon rəhbərliyinə və rayon ictimaiyyətinə təşəkkürlərini bildiriblər.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Ən qısa zamanda bu şöbənin əməkdaşları mütamadi olaraq müharibə iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.Qeyd edək ki hər üç kənddə yaşayan 6 hərbi qulluqçumuz Vətən Müharibəsi döyüşlərində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıblar. RİH başçısı 44 günlük müharibədə İsmayıllıların qəhrəmanlıqlarından qürur duyduqlarını, bu qüruru yaşatdıqları üçün rayon ictimaiyyəti və öz adından onlara minnətdar olduqlarını bildirib və şəhidlərimizə allahdan rəhmət diləyib. Qeyd edib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaqdır və bu cür görüşlərin davamlı olması nəzərdə tutulur.

Oxşar Xəbərlər