Fevralın 17-də İsmayıllı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı və “TET International Development” MMC-nin qanuni təmsilçisi, “Oguz Agro Industry” şirkətinin prezidenti Tarao Savada və nümayəndə heyəti ilə görüş keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətindən “QİA.AZ”a verilən məlumata görə, görüşdə rayonun rəhbəri yaponiyalı qonaqları salamlayıb, İsmayıllıda görməkdən məmnun olduğunu bildirib. RİH başçısı vurğulayıb ki, Azərbaycanla Yaponiya arasında işgüzar və diplomatik əlaqələr daha intensiv xarakter alıb. Bu əlaqələrin səmərəli nəticələri İsmayıllıda da öz əksini tapıb.
Yaponiyalı iş adamları ilə birgə rayonda biznes missiyalarının təşkilinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Yaponiya investorları tərəfindən rayonda turizm, kənd təsərrüfatı və digər sahələrə marağın olduğunu qeyd olunub. İsmayıllıda xarici və yerli investorlar üçün əlverişli biznes və investisiya mühitinin olduğunu vurğulanıb.
Xatırladaq ki, 2013-cü il noyabrın 22-də İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanıb. 2014-cü ildən başlayaraq İsmayıllı məktəbliləri ilə İto beynəlxalq “Home-stay” klubu arasında müəllim-tələbə əməkdaşlıq proqramı həyata keçirilir.
Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə İsmayıllıda bir çox layihələr –yapon bağı, uşaq bağçası, tibb məntəqəsi və məktəb binalarının tikintisi, içməli su çəkilişi, suvarma sistemləri və sair layihələr həyata keçirilib.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İsmayıllıya yerli və xarici investorların cəlb olunması üçün işlər davam etdirilir.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ