İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Pako Alkaser Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”la matçı buraxa bilər.
“QİA.AZ”ın məlumatına görə, 27 yaşlı hücumçu La Liqanın XII turunda “Elçe” ilə qolsuz heç-heçə etdikləri matçda zədələnib.
İkinci hissədə meydana daxil olan futbolçu sonadək meydanda ola bilməyib. İspaniyalı forvard əzələsində ağrılar hiss edib və 78-ci dəqiqədə əvəzlənib. Komandanın baş məşqçisi Unay Emeri mətbuat konfransında Alkaserin zədəsinin təzələndiyini söyləyib.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək “Vilyarreal” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Daha əvvəl digər hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomesin də zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacağı açıqlanıb.