Mayın 2-də Azərbaycanın İsrail səfirliyi və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir təşkil olunub.
Bu barədə QİA.az-a Azərbaycanın İsraildəki diplomatik missiyasından bildirilib.
İsrailin Netanya şəhərində keçirilən tədbirdə Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya və Belarusun İsrail Dövlətində akkreditə edilmiş səfirləri və diplomatları, habelə İsraildəki Azərbaycan diaspor nümayəndələri və İsrailin ictimai-siyasi nümayəndələri olmaqla 100 nəfər şəxs iştirak edib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin fotolarından ibarət sərgi ilə başlamışdır. Daha sonra Azərbaycan Respublikasının İsrail Dövlətində Səfiri Muxtar Məmmədov tədbiri giriş sözləri ilə açaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı istiqamətində müstəsna xidmətləri, onun SSRİ dövründən başlayaraq müstəqillik illərinə kimi siyasi, iqtisadi, hərbi, sosial və humanitar sahələrin möhkəmlənməsi üçün həyata keçirdiyi uzaqgörən siyasəti, Azərbaycan və İsrail münasibətlərinin təməlini qoyması haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov, İsraildəki Azərbaycan diasporunun nümayəndələri Roman Qureviç və Mark Qorin, Netanya şəhər şurasının deputatı Boris Tsirulnik çıxış ediblər.
Daha sonra tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş qısa videoçarx nümayiş olunmuş, tədbirin yekununda Qüds Lirik Operasının Solisti Kameliya Yoffe tərəfindən Tofiq Quliyev və Fikrət Əmirovun əsərləri ifa olunub.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir Netanya şəhər bələdiyyəsinin dəstəyi ilə həyata keçirilib.