İstiləşən iqlimin insan sağlamlığına təsiri haqqında yeni elmi məlumatlar ortaya çıxıb

Sietldə keçirilən Amerikanın Gerontologiya Cəmiyyətinin illik elmi yığıncağında təqdim olunan araşdırmaya görə, uzunmüddətli istiliyə məruz qalma insan orqanizmində molekulyar səviyyədə qocalmanı sürətləndirə bilər. ABŞ-da aparılan bu tədqiqat 2016-2017-ci illərdə 56 yaş və yuxarı 3800 nəfər üzərində həyata keçirilib.

Qia.az “Nature” jurnalına istinadla xəbər verir ki, tədqiqatçılar “epigenetik saat” adlanan DNT-dəki kimyəvi dəyişiklikləri təhlil edərək bu dəyişiklikləri ABŞ-ın istilik xəritələri ilə müqayisə ediblər. Məlum olub ki, 26,7°C və ya 32,2°C-dən yüksək temperaturda daha çox gün keçirən insanların molekulyar yaşı soyuq iqlimdə yaşayanlardan daha yüksəkdir. İsti günlərin 10 faizlik artımı molekulyar yaşın 0,12 il artması ilə əlaqələndirilib.

Cənubi Kaliforniya Universitetinin gerontoloqu Eun Young Choi-nin sözlərinə görə, fiziki sağlamlıq problemləri dərhal ortaya çıxmasa da, istiliyin orqanizmə hüceyrə və molekulyar səviyyədə təsiri ola bilər. Bu təsirlər isə gələcəkdə sağlamlıq problemlərinə və hətta əlilliyə səbəb ola bilər.

Kopenhagen Universitetinin epidemioloqu Rina So araşdırmanın dəyərli olduğunu vurğulayıb. O, bioloji markerlərə yönəlmiş bu yanaşmanın ölüm və ya xəstəlik göstəricilərindən fərqləndiyini qeyd edib. Finlandiyanın Tampere Universitetindən Linda Enroth isə istiliyin qocalma prosesinə təsirini daha dəqiq müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirib.

Bu tədqiqat, istiliyin sağlamlığa təsiri ilə bağlı qlobal səylərin bir hissəsi olaraq, iqlim dəyişikliyinin insan biologiyasına təsirini daha yaxşı anlamağa kömək edə bilər.

Oxşar Xəbərlər