Avropa enerji dünyasında görünməmiş bir hadisə qeydə alınıb.
“QİA.AZ”ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, köhnə qitənin bütün ölkələrini birləşdirən boru kəməri şəbəkəsi inşa edildikdən sonra ilk dəfə olaraq İtaliya qonşu ölkələrdən birinə qaz ixrac edib.
Bu, son iki həftəsonu baş verib. Belə ki, ilk dəfə yanvarın 23-ü və 24-də Fransaya 24 milyon kubmetr, ikinci halda isə yanvarın 30 və 31-də 12 milyon kubmetr təbii qaz nəql edilib. Bu dövrdə İsveçrəyə 4 milyon kubmetrə qədər həcmdə təbii qaz nəql edilib.
Məlumata görə, İtaliyanın Fransa və İsveçrəyə ixrac etdiyi təbii qaz Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə İtaliyaya tədarük edilən qaz həcmləridir.
Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.