İtaliya qoşunlarını Əfqanıstandan çıxarıb

İyn30,2021

İtaliya Əfqanıstandakı hərbi kontingentini çıxarmaq mərhələsini baş çatdırıb.

“QİA.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Lorenso Querini məlumat verib.

O bildirib ki, iyunun 29-da axşam saatlarında İtaliyanın Əfqanıstandakı missiyası başa çatıb.

L.Querini vurğulayıb ki, beynəlxalq ictimaiyyət, o cümlədən İtaliya hərbçilərinin missiyası başa çatsa da, Əfqanıstanla əlaqələr başqa formada, xüsusilə əməkdaşlıq və respublika institutlarının dəstəklənməsi davam edəcək.

İtaliyanın hərbi kontingenti Əfqanıstana 2003-cü ildən NATO çərçivəsində yerləşdirilmişdi. Son zamanlar İtaliya hərbçilərinin sayı 800-ə yaxın olub.

Xatırladaq ki, ABŞ 2020-ci ilin mayından qoşununu bu ölkədən çıxarmağa başlayıb. Prosesin cari il sentyabrın 11-də başa çatacağı planlaşdırılıb.

ABŞ və NATO-dakı müttəfiqləri 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyata başlayıb. “Məğlubedilməz azadlıq” çərçivəsində aparılan kampaniya 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı terror aktına cavab tədbiri olaraq keçirilib. 2015-ci il yanvarın 1-dən isə döyüş əməliyyatlarını “Qətiyyətli dəstək” missiyası əvəz edib.

Oxşar Xəbərlər