İtaliya şirkəti Azərbaycanda yeni layihələrə cəlb olunub

“Biz 7 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstəririk. Biz ölkənizin sənayeləşdirilməsi işinə töhfəmizi veririk və artıq yeni layihələrə cəlb olunmuşuq”.

“QİA.AZ” xəbər verir ki, bunu İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amato Prezident İlham Əliyevlə görüşdə deyib.

“Şəxsən özüm və “Maire Technimont Group” şirkətinin bütün heyəti adından Sizi əmin etmək istəyirəm ki, biz ölkənizlə əlaqələri genişləndirmək və sənayenin inkişafına töhfə vermək əzmindəyik.

Bildiyiniz kimi, hazırda ölkədə bizim 200 nəfərə yaxın heyətimiz çalışır. Biz Azərbaycanı doğma ölkə hesab edirik və işçi qüvvəsinin 72 faizini azərbaycanlılar təşkil edir. İlk vaxtlarda bizim heyət tamamilə italyanlardan ibarət idi, lakin tədricən heyətdə yerli əməkdaşların sayı artırıldı. Bu, daha bir vacib nailiyyətimizdir”, – deyə o, qeyd edib.

“Daha bir mövzu bizim yerli universitet tələbələri və ümumiyyətlə gənclərlə əməkdaşlığımıza aiddir. Bizim buradakı heyətimiz bu gün tələbələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu, bizim ümumi yanaşmamızdır. Ancaq ölkənizdə bu yanaşmanın inkişafı üçün yaxşı imkanlar mövcuddur. Digər bir məsələ sənaye zəncirinin yerli məzmunu ilə bağlıdır. Biz təchizat zəncirimizdə getdikcə daha çox Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirik. Sonuncu layihədə bizim Azərbaycanda sərmayə baxımından iştirakımız 400 milyon avrodan artıq olmuşdur. Bu da daha bir vacib məsələdir. Bildiyiniz kimi, biz İtaliyanı xaricdə təbliğ edirik və Azərbaycanla bizim çox möhkəm münasibətlərimiz var. Sizinlə bərabər biz bu əməkdaşlığı davam etdirmək və ölkənizdə uzunmüddətli fəaliyyət sahəmizi genişləndirmək arzusundayıq. Bir daha qeyd etmək istəyirəm ki, biz Azərbaycanı doğma ölkə hesab edirik. Bu, işlədiyimiz hər bir ölkədə bizim prinsipimizdir”, – deyə şirkət rəhbəri bildirib.

“İstərdik, “yaşıl kimya” adlandırdığımız sahəni inkişaf etdirək. Fikrimizcə, dünyanın bu bölgəsində Azərbaycanın üzərinə mühüm rol düşür. Həmin ideyalarla bölüşməkdən çox şad olardıq. Bu, birinci məsələdir.

İkinci məsələyə gəlincə, biz əməkdaşlığı, məsələn, enerji istehsalı sahəsində də genişləndirməkdə çox maraqlıyıq. Yanaşmamız uzunmüddətlidir və ən əsası, insan kapitalına söykənir, gənclərin işə cəlb edilməsini nəzərdə tutur. Sizə bir faktı da söyləyim. Biz dünya miqyasında regional müşavirələr keçiririk və onlardan birində “Tecnimont” şirkətində çalışan gənc azərbaycanlı həmkarımız iştirak edib və dünya ictimaiyyəti qarşısında əməkdaşlığın faydası, mədəniyyətlərarası işbirliyi barədə çıxış edib. Onun çıxışı bütün insanlarımızda böyük hisslər doğurdu. Hər hansı böyük uğur hər ikimizə məmnunluq hissləri yaradır. İcazə verin, bildirim ki, yeni texnologiyaları inkişaf etdirmək və sizin çevikliyinizdən, sahibkarlıq imkanlarından istifadə etməkdən çox şad olardıq. Bu keyfiyyətlər İtaliyanın iş adamlarının da yanaşmasının əsasında dayanır və müəyyən dərəcədə “yaşıl kimya” sahəsində qabaqcıl mövqeyi şərtləndirir”, – deyə iş adamı fikrini yekunlaşdırıb.

Oxşar Xəbərlər