İtaliyada gəmi batdı: Məşhur britaniyalı iş adamı itkin düşdü

Səhər saatlarında İtaliyanın Siciliya sahillərində, Palermo şəhəri yaxınlığında, 56 metr uzunluğunda olan və içərisində 22 nəfərin olduğu “Bayesian” yelkənli gəmi batıb. Nəticədə britaniyalı texnologiya sahibkarı Maykl Linç itkin düşüb.

QİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə axtarış-xilasetmə əməliyyatına yaxın mənbələr məlumat yayıb.

Sahil mühafizəsi tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı zamanı, aralarında bir yaşlı uşağın da olduğu 15 sərnişin xilas edilib və onlar Palermo Uşaq Xəstəxanasına aparılıb. Hadisə yerində dalğıclar sərnişinlərdən birinin cəsədini aşkarlayıblar. Hələ də altı nəfər, o cümlədən dörd britaniyalı itkin düşüb. Batmış gəmi sahildən təxminən 800 metr məsafədə, 49 metr dərinlikdə yerləşir.

Qeyd edək ki, Maykl Linç “Autonomy” texnologiya şirkətinin təsisçilərindən biridir və 2006-cı ildə biznesin inkişafına verdiyi töhfəyə görə Britaniya İmperiyası ordeni ilə təltif olunub.

“The Daily Telegraph” qəzetinin məlumatına görə, Linçin həyat yoldaşı Encela Bakares də həmin yaxtada olub və xilas edilib.

İtaliyanın “ANSA” agentliyinin məlumatına görə, yaxta Britaniya bayrağı altında üzüb və sərnişinlərin əksəriyyəti Böyük Britaniyadan, həmçinin Yeni Zelandiya, Şri Lanka, İrlandiya və ikili Britaniya-Fransa vətəndaşları olublar.

Bildirilib ki, gəminin batdığı ərazi daha əvvəl qasırğaya məruz qalıb.

Oxşar Xəbərlər