Romadakı Rusiya səfirliyində çalışan bir rus zabiti və İtaliya donanmasının bir kapitanı casusluqda ittiham olunur.
“QİA.az” xəbər verir ki, bu barədə İtaliya Polisi məlumat yayıb.
“Əməliyyat bir italyan zabitinin müəyyən miqdar pul müqabilində gizli sənədləri təhvil vermək üçün baş tutan gizli görüşü zamanı baş verib. Rəsmi prosedurlar başa çatdıqdan sonra zabit həbs olunub, xarici vətəndaşla bağlı məsələ hələ də diplomatik statusu ilə əlaqədar olaraq araşdırılır”,- deyə açıqlamada qeyd olunub.
Həbsin ötən gün baş verdiyi bildirilir. İddia olunan cinayət fəaliyyətinə dair istintaq İtaliyanın xüsusi xidmət orqanlarının – Daxili İnformasiya və Təhlükəsizlik Agentliyinin (AISI) və ölkənin Müdafiə Nazirliyinin Baş Qərargahının iştirakı ilə aparılıb. Kommünikedə rus zabitinin statusu “İtaliyadakı səfirlikdə akkreditə olunmuş” kimi qeyd olunub.
İtaliyanın “Corriere” veb saytı dəniz zabitinin mənzilində ələ keçirilən axtarışda gizli NATO materiallarının aşkarlandığını və bununla da digər ölkələrin milli təhlükəsizliyini riskə atdığını bildirib.