Əslində, heç kim heyvanların düşməni deyil, amma qəbul edilməli bir gerçək var ki, dilsiz-ağızsız “dost”larımızın sağı-solu bəlli olmur. Hər ay bir neçə şəxsin küçə itlərinin hücumuna məruz qaldığı barədə xəbərlər oxuyuruq. Martın 3-də isə Qaradağ rayonu “Qobu Park” yaşayışkompleksində itlər azyaşlı oğlana hücum ediblər. Müxtəlif xəsarətlər alan doqquz yaşlı uşaq xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.
Bəs bu hadisədə günahkar kimdir? Heyvansevərlər deyirlər ki, küçə itlərini qəzəbləndirməsək, onlar bizə heç nə etməzlər. Doqquz yaşlı uşağın itləri nə qədər qəzəbləndirə biləcəyi də bir müəmmadır, bəlkə də, bacararmış, bəlkə də, yox…
Daha ağlabatan variant isə küçə itlərinin insanlara ac qalmaları səbəbindən hücum çəkmələridir. Bu isə başqa sual doğurur: onları yeməklə kim təmin etməlidir? Küçə itlərinin hər gün bir uşağı, bir yaşlını parçalayıb özlərini doyurmalarına tamaşa etməliyik? Çıxış yolu yoxdurmu?
Bir ara söhbət yayıldı ki, küçələrdəki sahibsiz itlər quduzluğa qarşı peyvənd olunacaq, qısırlaşdırılacaq və birkalanacaq. Hətta bir müddət sonra küçələrdə qulağında birka olan itləri də gördük. Amma qısa müddət sonra proses hansısa səbəbdən dayandı. Yəqin ki, birkalara ayrılan pul bitdi…
Bir vaxtlar sahibsiz küçə itləri ilə bağlı məsələlərə ərazi üzrə yerli icra hakimiyyəti orqanlarının nəzdində fəaliyyət göstərən Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi baxırdı. Amma bu gün problemin həlli üçün əsaslı addım atacaq bir qurum tapılmır ki, tapılmır…
Nəyi gözləyirik? Təhlükə öz doğmalarımıza, yaxınlarımıza sıçrasın? Heç bir sağlamlıq yoxlanışından keçməyən, hər an qapmağa hazır olan aqressiv, quduz itlərin sürü halında həyətdə gəzməyi nə qədər doğru və qəbulediləndir?
Bütün mövzuları Avropa, yaxud ABŞ-yə bağlamaq üçün ürəyimiz gedir. Bəs heç kimsə düşünmür ki, orada sahibsiz itlər niyə yoxdur? Ona görə ki, Fransada, Almaniyada, İngiltərədə, ABŞ-də heyvanları çox sevirlər. Fransada ev itlərinin sayı milyonlarla ölçülür. Ümumiyyətlə, ev heyvanını küçəyə buraxmaq işgəncəyə bərabər sayılır və 30 min avroya qədər cərimə və ya iki ilə qədər həbs cəzasını nəzərdə tutur. Heyvanların sağlamlığı, qidalanması və yaşayış mühiti ilə bağlı qanuni qaydalar qüvvədədir. Heyvanı zorlamağın, işgəncə verməyin cəzası iki il həbs və 15 min avro həcmində cərimədir.