Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.
Mərkəzdən “QİA.az”a bildirilib ki, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.
Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
İmtahanlar 15 şəhər və rayonda (Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron (2-ci hissə), Ağdam, Goranboy, Masallı (1-ci hissə), Sabirabad, Şamaxı, Tərtər, Xaçmaz (1-ci hissə), Zaqatala) keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 96 imtahan binası, 1638 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 96 ümumi imtahan rəhbəri, 271 imtahan rəhbəri, 2048 nəzarətçi-müəllim, 192 buraxılışı rejimi əməkdaşı (mühafizə), 96 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 21423 şagirdin iştirakı gözlənilirdi.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 4 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.
1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.
İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.