İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Artıq altıncı dəfə qlobal səviyyədə qeyd olunan xüsusi günün builki fəaliyyət planı “Qida təhlükəsizliyi: gözlənilməz hallara hazır ol” şüarı üzərində qurulub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən QİA.az-a bildirilib ki, həmin əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının 2018-ci il 20 dekabr tarixli qərarına əsasən, qida ilə bağlı risklərin insan sağlamlığı ilə yanaşı, ümumilikdə dünya iqtisadiyyatına vurduğu mənfi təsir nəzərə alınaraq təsis edilib.
Hazırda 188 ölkə beynəlxalq qida ticarətində istehlakçıların sağlamlığının qorunması və ədalətli ticarətin təmin olunmasında mühüm rol oynayan Kodeks Alimentarius beynəlxalq qida standartları, təlimatları və tətbiqetmə qaydaları üzrə əməkdaşlıq edir. Ümumdünya Qida Təhlükəsizliyi Günü də məhz BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatının və Kodeks Alimentariusun birgə tərəfdaşlığı çərçivəsində qeyd olunur.
Qida təhlükəsizliyinin təmin olunması qida zəncirində iştirak edən hər kəsin işidir. Yalnız bu yolla süfrəmizdə olan qidanın təhlükəsizliyini təmin etmək mümkündür. Lakin qida təhlükəsizliyini risk altında qoyan gözlənilməz hallar da baş verə bilər. Belə ki, qida təhlükəsizliyi qaydalarının pozulması təbii fəlakətlər kimi qlobal səviyyəli böhranlar, idxal olunmuş məhsullarda zərərvericilərin aşkarlanması, restoranlarda qida məhsullarının çirklənməyə məruz qalması və ya evdə elektrik kəsintisi kimi kiçik hadisələrlə qarşıya çıxa bilər.
Qida təhlükəsizliyi ilə bağlı gözlənilməz hallara hazırlıqlı olmaq üçün tənzimləmə və nəzarət funksiyalarını həyata keçirən orqanlar qida təhlükəsizliyi sahəsində böhran vəziyyətlərinin idarə olunmasına dair qanunvericiliyi və qida nəzarət sistemlərini təkmilləşdirməklə, monitorinq və yoxlamalar həyata keçirməklə, qida zənciri subyektləri və ictimaiyyətlə sıx əlaqədə olmaqla ümumi vəziyyəti nəzarətdə saxlaya bilər. Qida zənciri subyektlərinin üzərinə düşən öhdəlik isə müəssisə daxilində qida təhlükəsizliyinə daxili nəzarət sistemini və istehlakçılarla məlumat mübadiləsini inkişaf etdirmək, istehsalatda baş verən xoşagəlməz hallar nəticəsində əldə olunmuş təcrübələri digər qida zənciri subyektləri ilə bölüşməkdən ibarətdir. İstehlakçılar isə hər hansı bir qida təhlükəsizliyi ilə əlaqədar gözlənilməz hal baş verdikdə, bununla bağlı hansı addımlar atmalı olduqlarını bilməlidirlər.
Qeyd edək ki, “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” adlı layihə çərçivəsində ölkədə aparılan qiymətləndirmə nəticəsində FAO-nun və ÜST-nin müəyyənləşdirdiyi ideal sistemlərin böhran vəziyyətlərinə hazırlıqlı olmaq da daxil olmaqla 25 səriştəsinin (kompetensiya) hər birinin respublikadakı mövcud qida təhlükəsizliyi sistemi üzrə işlək olduğu aşkarlanıb. Bu isə mövcud qida təhlükəsizliyi sisteminin beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş standart və tələblərə uyğunluğunun göstəricisidir.