Nazirlər Kabineti yanında Operativ Qərargah epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərar qəbul edib.
QİA.AZ xəbər verir ki, qərarda deyilir:
“Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə görülmüş tədbirlərdən biri xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ərazisinə girişinin yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi əsasında verilməsidir.
Son bir ildən artıq müddət ərzində həyata keçirilmiş genişmiqyaslı tədbirlər, o cümlədən 2021-ci ilin yanvar ayından etibarən başlanmış uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət müsbətə doğru inkişaf etmiş, xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlər aradan qaldırılıb.
Eyni zamanda, dünyanın bir sıra ölkələrində epidemioloji vəziyyət sabitləşir və ardıcıl vaksinasiya tədbirləri nəticəsində həmin ölkələrdə yoluxma sayları nəzarətdə saxlanılır.
Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan kimi epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərar qəbul edib.
Belə ki, ilkin mərhələdə 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə aşağıda müəyyən edilmiş şərtlərlə səfər edə biləcəklər:
– Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;
– 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.
Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.
Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılır.
Yaxın gələcəkdə epidemioloji vəziyyət və əhalinin vaksinasiya səviyyəsi əsas götürülərək digər ölkələrin vətəndaşlarının də hava yolu ilə Azərbaycan Respublikasına girişinin bərpa edilməsi məsələsi baxılmaqdadır”.