Aprelin 26-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin “COVID-19” infeksiyasına qarşı vaksinasiyası davam etdiriləcək.
“QİA.az” xəbər verir ki, indiyədək MŞ-də 200-dək jurnalist peyvənd olunub.
Şuraya bununla əlaqədar əlavə 150-dən artıq yeni müraciət daxil olub. Müraciət edənlər vaksinasiyanın aparılacağı barədə məlumatlandırılıblar. Onlar növbəlilik əsasında peyvənd oluna biləcəklər.
Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:
– Adı, soyadı, atasının adı;
– Doğum tarixi;
– Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
– Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).
Siyahı həm də Mətbuat Şurasının [email protected] və [email protected] elektron poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər.
Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02