Kəlbəcərdə minaya düşən jurnalistlərin cənazəsi Bakıya gətirilib

İyn5,2021

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan, “Azərtac” Xəbər Agentliyinin əməkdaşı Məhərrəm Əli oğlu İbrahimov və AzTV telekanalının operatoru Sirac Abışovun cənazəsi Bakı şəhərinə gətirilib. M.İbrahimovun cənazəsi Bakının Binəqədi rayonuna, S.Abışovun nəşi isə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşadıqları evə gətirilib.

QİA.AZ-ın məlumatına görə, cənazələr ailə üzvlərinə təhvil verilib.

Jurnalistlərlə vida mərasimi bu gün səhər saatlarında keçiriləcək. M.İbrahimov Abşeron rayonu, Şuraabad kənd qəbiristanlığında, S.Abışov isə Sumqayıt şəhərindəki H.Z.Tağıyev qəsəbə qəbirstanlığında dəfn ediləcək.
Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Oxşar Xəbərlər