“Türk dünyası kitabxanaları birliyinin yaradılması ideyası bizdə çoxdan var, türkiyəli həmkarım Taner Beyoğlu və digər heyətlə bu məsələni müzakirə etdik. Yaxın zamanda Türk Dünyası Kitabxanaları Birliyi qurulacaq”.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Report”un Ankara bürosuna açıqlamasında bu fikirləri bildirib.
K.Tahirov deyib ki, sözügedən məsələ bu gün Ankarada Türkiyə Milli Kitabxanasında keçirilən sərgi və toplantı prosesində də müzakirə edilib:
“Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Kitabxanasının yüz illik yubileyi ilə əlaqədar il boyu kifayət qədər tədbirlər həyata keçirdik. Yubileyimizin son tədbirlərini isə biz Ankarada Türkiyə Milli kitabxanasında və TÜRKSOY-da keçirməyə qərar verdik. Ankarada çox məmnunluqla qarşılandıq. Burada böyük sərgimizi keçirdik”.
Onun sözlərinə görə, dünyada kitabxanaçıların bir neçə belə professional təşkilatı olduğunu xatırladaraq bildirib ki, türkdilli ölkələrin də belə bir qurumu yaratması labüddür:
“Məsələn, Avropa Milli Kitabxanalarının 45 ölkədən, ümumilikdə 49 Milli Kitabxananın üzv olduğu CENL qurumu var. Avrasiya kitabxanalarının Avrasiya Kitabxanalar Birliyi fəaliyyətdədir. İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin milli kitabxanalarının belə birliyi mövcuddur. O zaman türkdilli ölkələrin niyə belə bir qurumu olmasın? Məsələn, türk dünyasının mədəni, ədədi irsinin araşdırılması, tədqiq olunması və qarşılıqlı tandılması istiqamətində tədbirlərin keçirilməsi çox gözəl olardı. Əminəm ki, bu məsələlərə məsul olan bir şəxs kimi belə bir fəaliyyəti sevərək, zövqlə icra edəcəyik”, – professor qeyd edib.