Bakıda keçirilən kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatına yekun vurulub.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Oyunları Parkında təşkil olunan yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 50-dən çox peşəkar idmançı çempionluq titulu uğrunda mübarizə aparıb.
İki gün davam edən turnirdə iştirakçılar üç kateqoriyada yarışıblar.
16 yaşına qədər yeniyetmələrdə qadınlar arasında 30 metr məsafə üzrə Leyla Əfəndiyeva birinci, Sona Rüstəmli ikinci, Fatimə Nəbiyeva üçüncü yeri tutublar. Kişilərdə Məhəmməd İsmayılov qızıl, Hüseyn Məhərrəmov gümüş, Nicat Nəbiyev bürünc medal qazanıblar.
16-18 yaşlı gənclərdə 60 metr məsafə üzrə qadınların mübarizəsində Amina Şərif fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lalə Almasov və Zəhra Carçılı isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilərdə İslam İsmayılov, Sərdar Vəliyev və Nurlan Rəhimli fərqləniblər.
Böyüklərdə isə 70 metr məsafə üzrə qadınların yarışında Yaylagül Ramazanova bütün rəqiblərindən güclü olub. Fatimə Hüseynli gümüş, Svetlana Simonova bürünc mükafata sahib çıxıblar. Kişilərdə Roman Venqerov, Məhəmmədəli Əliyev və Əhməd Hüseynov ilk üçlükdə qərarlaşıblar.
Sonda qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
Qeyd edək ki, çempionatın məqsədi yalnız ölkənin ən yaxşı oxçularını müəyyən etməklə yanaşı, həm də qədim ənənələri özündə yaşadan oxatma sənətinin inkişafı və qorunmasına töhfə verməkdir.