Kanadanın Vankuver şəhərində yaşayan soydaşımız Natella İsazadənin liderlik və təşkilati mədəniyyətlə bağlı “Quality in Quality Out: Caring Workplaces Inspire People to Do Their Best” (“Keyfiyyətli Başlanğıc – Keyfiyyətli Nəticə: Qayğıkeş təşkilatlar işçiləri əlindən gələnin ən yaxşısını etməyə sövq edir”) adlı kitabı ingilis dilində çap edilib.
Bu barədə “QİA.az”a Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.
Menecment, təşkilati mükəmməllik, şəxsi inkişaf və kommunikasiya üzrə ekspert, natiqlik sənəti üzrə təlimçi, beynəlxalq spiker, TEDx məruzəçisi olan Natella İsazadənin ərsəyə gətirdiyi kitab köhnəlmiş idarəetmə təcrübələrinin artıq müasir təşkilatlar üçün uyğun olmadığını dərk edən və uzaqgörən biznes liderləri üçün lazımlı vəsait hesab edilir. Kitab işçilərin yalnız onlara tapşırılan işləri yerinə yetirmək üçün əllərindən gələni etməsi deyil, eyni zamanda təşkilatın uğurlarına töhfə verməsinə və davamlı korporativ miras yaratmasına kömək edən metodik tövsiyələri özündə ehtiva edir.
Qeyd edək ki, Natella İsazadə Şimali Amerikada keyfiyyət təminatının idarə olunması, əmək sağlamlığı və təhlükəsizlik sahələrində fəaliyyət göstərir. Amerika Keyfiyyət Cəmiyyətinin (ASQ) İdarə Heyətinin üzvü kimi ABŞ və Kanadada fəaliyyət göstərən təşkilatlara köməklik göstərilməsi sahəsində 15 ildən artıq təcrübəyə malikdir. Eyni zamanda, soydaşımız məruzəçi qismində Kanadanın bir sıra şəhərlərində Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələri ilə bağlı çıxışlar da edir.
Kitabın elektron və çap variantını “Amazon” şəbəkələrindən
https://www.amazon.com/s?k=Quality+in+Quality+out&i=stripbooks-intl-ship&ref=nb_sb_noss linki vasitəsilə əldə etmək olar.