Karantin günlərində toy etməyin hansı çətinlikləri var?

İyl9,2021

Azərbaycanda toy eləmək, oğul evləndirib qız köçürmək el adətlərimizdən sayılır. Hələ qədim folklorumuzda 40 gün toy çaldırmaq, şadlıqlar təşkil etmək, el-obanı bir araya yığmaq kimi el şənlikləri mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olub. Toy mərasiminin müxtəlif mərhələlərində xalqın inancları və ayinləri, adət və ənənələri öz əksini tapır. Müasir çağırışlar toy mərasiminin tərtibatını, şəklini dəyişsə də, qədim adət-ənənələrin xalqın təfəkküründə kök salmış bir çox sabit cəhətləri özünü qabarıq büruzə verir.

“Mən də evlənmək istəyirəm…”

Toy xalqımızın sevimli adətlərindən olsa da ötən ildən davam edən COVID-19 pandemiyası bu tipli şənliklərin keçirilməsini məhdudlaşdırdı. “Mən də evlənmək istəyirəm…” deyənlər aylarla gözləsələr də, pandemiyanın yayılması toyların baş tutmasına imkan vermirdi. Bu da bəzən insanları başqa yollar axtarmağa, hətta gizli toy etməyə də vadar edirdi. Demək olar, hər gün mətbuatda bu və ya digər şadlıq sarayında gizli toy etməyə cəhd edən insanların saxlanıldığı və cərimələndiyi barədə xəbərlər yayılırdı. Açığı, insanların bu qədər davamlı olaraq qayda-qanunu pozması, gizli yolla da olsa, bir toy məclisi yaratmaq cəhdi qəribə görünür. Çünki başqa statistika da var axı: aşkarlanan bir neçə toydan, yas mərasimindən sonra məhz hansısa birində koronavirusa kütləvi yoluxmanın olduğu üzə çıxır. Toyun nəticəsi isə uzunmüddətli müalicə və sərt karantin rejiminə gətirib çıxarır.

Karantin rejiminin tələblərinə riayət etmək və əhalinin vaksin vurdurması virusa yoluxanların sayının tədricən azalmasına, bu isə öz növbəsində məhdudlaşmaların aradan qalxmasına imkan verib. Beləliklə, bu ilin iyulundan ölkəmizdə toy, nişan, xına məclisi, ad günləri və s. keçirilməsinə icazə verilib. Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlər və qaydalar nəzərə alınmaqla şənlik mərasimləri başlayıb. Lakin şənlik mərasimlərində koronavirus infeksiyasına qarşı tələblər nəzərə alınmalıdır.

“Onda toyun mübarək”

Əgər kimsə toy etmək fikrinə düşübsə, onda maksimum 150 nəfər qonaq çağırmalıdır. Gələnlərin COVID-19 pasportu və ya immunitet sertifikatı olmalıdır. Qonaqlar özləri ilə şəxsiyyət vəsiqəsini, COVID-19 pasportu və ya imunnitet sertifikatını gətirməlidirlər. Bu qayda yaşı 18-dən yuxarı olan bütün şəxslərə aiddir. Restoranlar, şadlıq sarayları koronavirus infeksiyasına qarşı bütün tədbirlərə riayət etməlidirlər. Bu tədbirlər təkcə toyların keçirilməsi ilə bağlı qaydalarla məhdudlaşmır. Nazirlər Kabineti tərəfindən ictimai-iaşə obyektlərinin daxilində müəyyən edilmiş qaydalar şadlıq evləri, restoranlarla yanaşı, digər qapalı məkanlara da aiddir. Gigiyena qaydalarına riayət, sosial məsafənin gözlənilməsi, təmizlik və dezinfeksiya, tibbi maskalardan istifadə təmin olunmalıdır. Qonaqlara qulluq edən işçilər də gigiyena qaydalarına əməl etməlidirlər. Bu barədə aydın qaydalar mövcuddur (https://koronavirusinfo.az/files/3/Posters%202.pdf). Bütün bu tələblərin yerinə yetirilməsinə ictimai–iaşə müəssisəsinin rəhbəri məsuliyyət daşıyır. Lakin restoranda keçirilən toylarda karantin rejiminin tələbləri pozularsa, bu zaman toy sahibi də məsuliyyət daşıyır.

50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan mərasimlərdə isə COVID-19 pasportunun təqdim edilməsi tələb olunmur. Lakin bu tədbirlər də “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”də müəyyən edilmiş tələblərə uyğun təşkil olunmalıdır. Yəni bu mərasimləri təşkil edən obyektlə dezinfeksiyaedici məhsul və qurğular, birdəfəlik istifadə üçün salfetlər, tibbi maska və əlcəklərlə təmin olunmalı, istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbalar olmalı, mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasına diqqət yetirilməli, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında metrdən az olmamalı və masalararası məsafələr 2 metrdəndən az olmalıdır. Bundan başqa, şəxsi heyətin də gigiyenasına dair tələblər yerinə yetirilməlidir. (https://koronavirusinfo.az/files/2/5_ictimai_iase.pdf)

Bu həna o hənadan deyil…

Şənlik mərasimlərində koronavirus infeksiyasına qarşı tələblərə nəzarət məqsədilə monitorinqlər aparılır. Daha çox tövsiyə xarakteri daşıya bu nəzarət tədbirlərini Daxili İşlər Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri həyata keçirirlər. Monitorinqlər zamanı şənlik mərasimlərinin düzgün təşkilinə, müəyyən edilmiş tələblərin gözlənilməsinə diqqət yetirilir. Üstəlik, monitorinq qrupları tərəfindən toy sahibinə hədiyyə də təqdim olunur.

Toyların yeni qayda ilə keçirilməsinin bir sıra müsbət tərəfləri də var. Məsələn, uzun illərdir toylarda sıxlıq, israfçılıq və s. məsələlər cəmiyyətin müxtəlif təbəqələri tərəfindən qınaq obyektinə çevrilib. Deyirlər, hər işdə bir xeyir var. Bəlkə elə bu qayda cəmiyyətdə daha sadə formada toy təşkil etməyin əsasını qoyacaq. Bu barədə nəticələri gözləmək hələ tezdir. Vacib odur hamı başa düşsün ki, istənilən halda və yerdə karantin rejiminin qaydalarına əməl etmək, vaksin vurdurmaq insanların öz xeyrinədir. Tələblər nə qədər düzgün yerinə yetirilərsə, yoluxma da o qədər azalar və uzun müddətdir toy həsrəti çəkənlər vüsala qovuşarlar. Qoy elimizdə toy-büsat, şadlıq sədaları əskik olmasın və necə deyərlər… subaylar üçün olsun!

Oxşar Xəbərlər