Son zamanlar keçid ballarının artması ilə bağlı fikirlər tez-tez gündəmə gəlir. Bəs görəsən bu fikirlər həqiqətə uyğundurmu? Sözügedən məsələ ixtisas seçimlərinə necə təsir edəcək? Məsələ ilə bağlı təhsil ekspertləri Kamran Əsədov,Rizvan Fikrətoğlu və Elşən Qafarova müraciət etdik
Kamran Əsədov bildirir ki,
“Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul olmaq istəyənlər üçün keçirilən imtahanlar əvvəlki illərdən kifayət qədər fərqlənir.
Ona görə ki, bu il mart ayının 3-də və 10-da keçirilən imtahanlarda abituriyentlərdən 53 nəfər maksimum bal topladı. Biz hətta ll ixtisas qrupu üzrə 1-ci cəhd imtahanında gördük ki, 500-600 baldan yuxarı toplayan abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur.
Bu da onu deməyə əsas verir ki, artıq avqustun 10-dan etibarən ixtisas seçimlərində abituriyentlər ciddi şəkildə diqqətli olmalıdırlar”.
Kamran Əsədovun sözlərinə görə, bu il III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul prosesi zamanı gərgin müsabiqənin olacağı proqnozlaşdırılır.
“Baxmayaraq ki, bu gün Azərbaycanda Qarabağ Universiteti, İtalyan-Azərbaycan Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Lakin cari ildə ali məktəblərə yaxın plan yeri ayrılsa belə, lll qrupda vəziyyət müəyyən qədər gərgin olacaq.
Buna görə də abituriyentlərə tövsiyə edirik ki, sosial şəbəkə və internet resurslarında keçən ilki ballarla qəbul proqnozu verən şəxslərə inanmasınlar”.
Təhsil eksperti olan Rizvan Fikrətoğlu açıqlamasında bildirir ki,
“Ötən illərə nisbətən bu il yüksək bal toplayan abituriyentlərin sayında çoxluq müşahidə olunur.
Təhsil tarixində ilk dəfə olaraq 53 nəfər buraxılış imtahanında 300 bal, yəni maksimum nəticə göstərdi. Buraxılış imtahanı blok imtahanına nisbətən asan oldu. Ona görə ki, buraxılış imtahanının nəticəsinə uyğun olaraq uşaqlara attestat təqdim olunur. Həmçinin kolleclərə qəbul buraxılış imtahanının nəticəsi ilə aparılır.
İmtahanın blok mərhələsi buraxılışdan müəyyən qədər fərqlənərək 4 səhv cavab 1 düz cavabı ləğv edir. Buna görə də, daha ciddi və çətin idi.
Təbii ki, bu da gözlənilən haldır, çünki ali məktəb daha üst səviyyədir və bu mərhələdə sualların çətin olması normal haldır. Bəzən bu məsələ ekspertlər və valideynlər tərəfindən düzgün qarşılanmır. Düşünürəm ki, universitetə qəbul mərhələsidirsə bu səviyyə çətin olmalıdır. Və belə də olur.
Bundan əlavə olaraq bildiyimiz kimi plan yerləri artırılıb. Lakin hazırda rəqabətin güclü olmasına baxmayaraq müsabiqə şərti normal keçəcəkdir, yəni balların artımı az hiss olunacaqdır.
Hal-hazırda əlimizdə tam statistika olmadığı üçün konkret say deyə bilmirik . Amma görünən odur ki, prestejili ixtisaslarda bal artımı qaçınılmaz haldır.”
Təhsil eksperti olan Elşən Qafarov isə bildirir ki,
“Keçid balları ümumilikdə əvvəlki illərə nisbətən aşağı düşəcəkdir”.
“Bu il abituriyentlərin nəticələri əvvəlki illərə nisbətən istər buraxılış imtahanında istər blok imtahanında kifayət qədər yüksəkdir, hətta rekord səviyyədədir.
Ümumi fənnlər üzrə toplanmış ballar yüksəkdir, bu onun göstəricisidir ki, DİM artıq abituriyentlərin bilik və bacarıqlarına uyğun olaraq suallar tərtib etməyə başlayıb,bu da sevindirici haldır.
Artıq ali təhsil müəssisələrinə qəbul planında 45 min əvəzinə 60 min yer ayrılıb. Bu da istənilən halda balların aşağı düşməsinə gətirib çıxaracaqdır. Lakin spesifik sahələr var ki, tibb sahəsi, informasiya mühəndisliyi və s. sahələrin keçid balları isə nisbətən yüksək olacaqdır.
İstənilən halda abituriyentlərin yüksək nəticə göstərməsi sevindirici haldır və düşünürəm ki, hər bir abituriyent seçdiyi ixtisas üzrə ali məktəbə qəbul olacaq, yaxın gələcəkdə dövlətə və millətə faydalı kadr olaraq xidmət göstərəcəkdir”.
Sudana Əsədova