Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-cu ildönümü münasibətilə doktorant, magistrant və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” mövzusunda Ill respublika elmi konfransını keçirib.
BDU-dan QİA.az-a bildirilib ki, tədbirin açılış mərasimində çıxış edən elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın neft-kimya sənayesinin inkişafında və yenidən qurulmasında misilsiz xidmətlərindən danışıb. Prorektor diqqətə çatdırıb ki, BDU-nun Kimya fakültəsi ölkədə müvafiq sahədə kadrların yetişməsində xüsusi çəkiyə malikdir. Daha sonra Hüseyn Məmmədov BDU-da elmi tədqiqatların səviyyəsi, beynəlxalq bazalarda indeksləşməsi, eləcə də yeni ixtisasların yaranması haqqında məlumat verib.
Kimya fakültəsinin dekanı Fuad Kərimli Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və elmimizin inkişafında əvəzsiz rolundan danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. O bildirib ki, konfransa ölkənin müxtəlif universitetlərindən, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarından 220-dən çox tezis qəbul olunub.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, akademik Vaqif Fərzəliyev, professor Məhəmməd Babanlı və Sumqayıt Dövlət Universitetinin prorektoru Elşad Abdullayev çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda neft-kimya sənayesinin inkişafındakı tarixi xidmətlərini diqqətə çatdırıblar.
Konfransın plenar iclasında Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri professor Rasim Alosmanovun və Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadənin məruzələri dinlənilib.
Respublika elmi konfransı işini iki gün ərzində dörd bölmədə davam etdirəcək.