Kiyev F-16 qırıcıları üçün pilot və texniklərin ABŞ-da təlim proqramını genişləndirməkdə maraqlıdır.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşündə deyib.
“Prezident əlavə hava hücumundan müdafiə vasitələrinin alınmasının vacibliyini, eləcə də ABŞ-da ukraynalı pilot və texniklər üçün təlim missiyalarının genişləndirilməsi zərurətini qeyd edib”, – deyə dövlət başçısının saytında bildirilib.
Avqustun 4-də Volodimir Zelenski Qərb müttəfiqlərinin F-16-ların ilk partiyasını Kiyevə verdiyini təsdiqləyib. Britaniyanın “The Economist” jurnalının yaydığı məlumata görə, Ukrayna 10 ədəd F-16 alıb və ilin sonunadək onların sayı 20-yə çatacaq. Ümumilikdə isə Ukraynaya zamanla 79 belə qırıcı verilə bilər.