Kolumbiya qəzetləri Ermənistanın hərbi təcavüzü və terrorundan yazdı

Kolumbiya qəzetləri Ermənistanın hərbi təcavüzü və terrorundan yazdı

Kolumbiyanın aparıcı KİV-lərindən “Extra Bogota” və “HSB Noticias” qəzetlərində səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi və Ermənistanın terror siyasəti haqda müsahibəsi dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “QİA.AZ”a verilən məlumata görə, müsahibədə səfir Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış danışıqlar və Ermənistanın destruktiv yanaşması nəticəsində bu prosesin pozulması, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin son iki il ərzindəki təxribat xarakterli bəyanat və addımları, bu xüsusda baş nazir Nikol Paşinyanın danışıqları formatından və Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasından imtina edilməsinə yönəlik açıqlamaları, son aylar bu ərazilərdə aparılan qeyri-qanuni məskunlaşdırma siyasəti, Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribat və 27 sentybar tarixindən etibarən ölkəmizə qarşı növbəti təcavüz cəhdi barədə məlumat verib.

Son bir ay ərzində Tərtər, Mingəçevir, Gəncə, Bərdə və digər şəhərlərimizə artilleriya və ballistik raket zərbələri endirilməsi nəticəsində çoxlu sayda mülki vətəndaşımızın həlak olması, yaralanması və hərbi əməliyyatların gedişində Ermənistan tərəfinin törətdiyi digər müharibə cinayətlərindən danışan diplomat qeyd olunanların Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti yürütdüyünün sübutu olduğunu vurğulayıb.

O, bildirib ki, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsinin formulu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasıdır və beynəlxalq ictimaiyyətin bütün üzvləri təcavüzkar dövlətdən öz işğalçı siyasətindən əl çəkməsini, BMT TŞ-nin qətnamələri və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl edərək işğal etdiyi Azərbaycan ərazilərini azad etməsini tələb etməlidir.

Daha sonra ünvanlanan suallara cavab olaraq, səfir Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa və Şərq sivilizasiyalarının kəsişməsində yerləşməsi və hər iki bölgənin dəyərlərini özündə birləşdirməsi, mədəni müxtəlifliklə zəngin və fərqli etiqadlardan olan insanların sülh şəraitində birgə yaşadığı yer olması haqda məlumat verib.

Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrin inkişafına toxunan təmsilçimiz xüsusilə ilə qarşılıqlı olaraq diplomatik nümayəndəliklərin təsis edilməsindən sonra ikitərəfli və çoxtərəfli siyasi, parlamentlərarası, təhsil, mədəniyyət sahələrində faydalı əməkdaşlıq həyata keçirildiyini, habelə kənd təsərrüfatı, energetika, turizm və sərmayə yatırımı sahələrində də əlaqələrin inkişafı üçün ciddi potensialın olduğunu bildirib.

Oxşar Xəbərlər