Siyasət

Könül Nurullayeva: Makron Fransanın həmsədrlik mandatını yalnız Ermənistanın maraqları kontekstində anlayır

Movavi

Fransa prezidenti E.Makron Fransanın ATƏT in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqları kontekstində anlayır və buna uyğun hərəkət edir. Son günlər erməni mediasının yazdıqlarından bir daha aydın olur ki, hərbi əməliyyatlar dövründə ədalətli mövqe sərgiləməyən Fransa bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Noyabrın 10-da Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidentinin erməni icmasının nümayəndələri ilə naharda iştirak etməsi, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxlaması, öz dəstəyini təklif etməsi göstərir ki, Fransa prezidenti bu ölkənin erməni lobbisinin, ermənipərəst dairələrinin tam təsiri altındadır.

Bunu “QİA.AZ”a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Makron müharibə vaxtı Paşinyana sms-mesajlar göndərdiyini etiraf etməklə qatı ermənipərəst mövqeyini bir daha göstərdi.

“Maraqlıdır ki, Makron Paşinyanın noyabrın 10-da imzalanan kapitulyasiya aktı ilə bağlı onu məlumatlandırmamasına da etiraz edir. Bu yanaşma Makronun prosesi idarə etmək istəyinin bariz göstəricisidir. Maraqlıdır ki, bu vaxta qədər həll prosesində bir dəfə də olsun ədalətli mövqe sərgiləməyən Fransa prezidenti hərbi əməliyyatlar zamanı işğalçıya açıq dəstək ifadə edirdi.

“Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?” deyən Makrona vasitəçilik mandatının vəzifələrini xatırlatmaqda fayda var. Çünki məhz bu vəzifələrin vaxtında və düzgün icra edilməməsi Ermənistanın əl-qolunu açaraq regionda hərbi əməliyyatları qaçılmaz etdi. Azərbaycan öz suveren hüququndan istifadə edərək, əks-hücum əməliyyatına keçdi və ərazi bütövlüyünü bərpa etdi. Heç kim buna görə Azərbaycanı ittiham edə bilməz.

Bir sözlə, Makronun istər bu vaxta qədərki davranışları, istərsə də son açıqlamaları onun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin təzahürüdür. Bu yanaşma haqlı olaraq, həmsədrlik institutunun formatına yenidən baxmağı zəruri edir”.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button