Koronavirusa qarşı aparılan sistemli mübarizə effektiv nəticəsini verir

İyn3,2021

Koronavirus infeksiyası yayılmağa başladıqdan sonra maska, tibbi ləvazimatlardan istifadə həyatımızın bir parçasına çevrildi. Virusun qısa zamanda geniş yayılması dünyanı iflic vəziyyətinə gətirdi.

COVID-19 infeksiyası dünyada yalnız səhiyyədə deyil, eləcə də bütün sahələrdə fəlakətlərə səbəb oldu. Nəticə etibarı ilə dünyada iqtisadiyyat sahəsində baş verən böhran əksər ölkələri ciddi maliyyə itkilərinə məruz qoydu, 120-dən artıq ölkə Beynəlxalq Valyuta Fondundan və digər beynəlxalq təşkilatlardan borc almağa məcbur oldu.

Azərbaycan bu çətin vəziyyətdən də üzüağ çıxdı. Prezident İlham Əliyevin göstərişinə əsasən, Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Qərargah tərəfindən çevik qaydada qərarların qəbul edilməsi, hökumət tərəfindən atılan addımlar nəticəsində pandemiyanın təsirləri minimuma endirildi.

Pandemiyaya qarşı mübarizə çərçivəsində Prezident İlham Əliyev tərəfindən Cənubi Qafqazda ilk olan tibbi maska istehsal edən müəssisənin açılması, tibbi və gigiyenik məhsulların istehsalı ölkəmizin idxaldan asılılığını birdəfəlik aradan qaldırdı. Habelə modul tipli xəstəxanaların qısa müddət ərzində qurulması, Yeni Klinikanın açılması pandemiyaya qarşı mübarizədə mühüm addımlar oldu. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün nəzərdə tutulmuş 10 mindən artıq yataq yeri var.

Ölkəmizdə xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə atılan məqsədyönlü addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xüsusi qeyd edildi. Azərbaycan pandemiyaya qarşı mübarizədə ən qabaqcıl ölkələrdən biri oldu və bu sahədə görülən işlər digər dövlətlərə nümunə göstərildi.

Aparılan sistemli işlər çərcivəsində gəlirlərini itirmiş vətəndaşlara birdəfəlik maddi yardımlar edildi, habelə sahibkarlıq sahəsində ziyan çəkmiş hüquqi şəxslərə dövlət tərəfindən zəruri dəstək tədbirləri həyata keçirildi. Dövlət tərəfindən vətəndaşlara birdəfəlik maddi yardım verilməklə yanaşı, tələbələrin təhsil haqlarının ödənilməsi də daxil olmaqla bütün sahələrin dəstəklənməsi nəzərdə tutulmuşdur. Vətəndaşların güzəranlarının yaxşılaşdırılması, iqtisadi subyektlərə dəstək olmaq məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi qəbul edildi.

Habelə xəstəliyə qarşı mübarizə çərçivəsində ölkəmiz vaksini əldə edən ilk ölkələrdən oldu. Dərhal peyvəndləmə prosesinə başlanmış, bu günə qədər əhalinin 20 faizindən çoxuna vaksin vurulmuşdur. Görülən sistemli işlər, atılan məqsədyönlü və ardıcıl addımlar effekt verdiyi üçün artıq xüsusi karantin rejimi ölkəmizdə yumşaldılmağa başlamışdır. Yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası başlanıb və 2 milyon doza peyvənd bu günə qədər istifadə edilib. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir.

Koronavirusun qarşısının alınmasında yeganə üsul vaksinləşmədir. Təəssüf ki, bəzi ölkələr öz imtiyazlarından sui-istifadə edərək vaksinlərin böyük əksəriyyətini ələ keçirərək digər kasıb ölkələrin vəziyyətini daha da ağırlaşdırmışdır.  Davam edən “peyvənd millətçiliyi” ölkələr arasında vaksinin əldə edilməsində çox ciddi uçurumların olmasını göstərir. Belə ki, peyvəndlərin əldə edilməsi ilə bağlı olan qeyri-bərabərlik nəticəsində peyvənd dozalarının 82 faizi zəngin, yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Burada mühüm məqam odur ki, bəzi ölkələrin bu hərəkəti nəticəsində aztəminatlı ölkələrdə əhalinin xəstəlikdən ölməsi qaçılmaz olacaqdır. Baxmayaraq ki, bu xəstəliyin qarşısının alınmasında dünya ölkələrinin birgə mübarizəsi əsas xətti təşkil etməlidir.

Xəstəliyin yayılmasının qarşısının alınması, səhiyyə sisteminin daha da yaxşılaşdırılması məqsədilə ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı etmiş, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Habelə Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq bəzi ölkələrin vaksin sahəsində apardığı inhisarçı siyasəti pisləyən, habelə vaksinin ədalətli bölgüsünü tələb edən tarixi bir missiyaya imza atmışdır. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və dekabr ayında 150-dən artıq dövlətin təşəbbüsümüzü dəstəkləməsi nəticəsində keçirilən BMT Baş Assambleyasının Xüsusi Sessiyasında pandemiyaya qarşı birgə mübarizə aparmağın zəruriliyi bildirilmişdir.

Artıq pandemiya ilə bağlı çətin vəziyyət arxada qalmaq üzrədir, yeni yoluxmaların qarşısının alınması, habelə qısa zaman kəsiyində əvvəlki həyatımıza qayıdış yalnız bizdən asılıdır. Vaxtında vaksini vurdursaq, habelə Operativ Qərargahın tövsiyələrinə əməl etsək, tezliklə ölkə olaraq COVID-19-a qalib gələrik.

Adil ƏLİYEV,

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri

QİA.az

Oxşar Xəbərlər