Avstriyada yeni növ koronavirus infeksiyasının ən təhlükəli növlərinə yoluxma aşkar edilib.
QİA.AZ xəbər verir ki, bu barədə “Kleine Zeitung” qəzeti məlumat yayıb.
Vyananın hava limanında artıq dörd pasiyentdə koronavirusun Böyük Britaniyada aşkarlanan yeni forması müəyyən edilib. Test nümunələrinin təkrar yoxlanışı zamanı isə digər bir pasiyentdə koronavirusun Cənubi Afrika Respublikasında yayılan formasına da rast gəlinib.
Koronavirusun yeni ştammı ilk dəfə Britaniyada aşkarlanıb. Daha əvvəl Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada və digər ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, koronavirusun yeni ştammı 70 faiz daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.