İyunun 9-dan 10-na keçən gecə Şimali Koreya Cənubi Koreya ərazisinə tullantılarla doldurulmuş 310-a yaxın hava şarı buraxıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bildirilib ki, polietilen torbalarda tullantı kağız şarlara yüklənib. Hələlik analizlərə görə, heç bir təhlükəli maddə aşkar edilməyib.
KXDR liderinin bacısı Kim Yo Çenq iyunun 8-dən 9-na keçən gecə 1400 şardan istifadə edildiyini bildirmişdi. Həmin vaxt Cənubi Koreyaya 7,5 ton tullantı kağız göndərilmişdi.
Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın hava şarları ilə zibil göndərməsindən sonra 2018-ci il imzalanmış Koreyalararası hərbi deeskalasiya sazişini tam dayandırıb və iki ölkə arasındakı hərbi demarkasiya xətti yaxınlığında hərbi fəaliyyətləri bərpa etməyi qərara alıb. Bundan başqa, Cənubi Koreyaya sığınmış şimallılar sərhəd zonada səsgücləndiricilər vasitəsilə Şimali Koreya əleyhinə təbliğat yayımını bərpa edib.