Lənkəranda keçirilən VII Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıblar

Yeniyetmələr arasında dəqiq elmlər üzrə “İstedadların hazırlığı laboratoriyası” VII Beynəlxalq Olimpiadasının qalibləri mükafatlandırılıblar. Mükafatlandırma mərasimi 2024-cü il “Gənclər Paytaxtı” olan Lənkəran şəhərində keçirilib.

Qia.az  xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycan, Rusiya, Gürcüstan, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistandan gələn 14-15 yaşlı yeniyetmələr iştirak ediblər.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək beynəlxalq yarışın əhəmiyyətindən danışıb. Bildirib ki, “İstedadların hazırlığı laboratoriyası” təcrübə xarakteri daşıyır və bu sahədə bütövlüklə yeni milli modeldir. Qoyduğu məqsədlərə, istifadə etdikləri fərqli mexanizmlərə, birləşdirdiyi mütəxəssis və peşəkarların tərkibinə görə bu layihə unikaldır. Olimpiada yeniyetmələrin yalnız fənn üzrə biliklərini yox, qeyri-standart düşünmə bacarıqlarını, orijinal məsələlərin həlli üçün məntiqin inkişafını qiymətləndirməyə imkan verir: “İlk dəfə olaraq Beynəlxalq Olimpiadanı paytaxt Bakıda deyil, regionda keçiririk. Bu da çox fərəhlidir. Nə üçün Lənkəran? Çünki Lənkəran 2024-cü il üçün “Gənclər Paytaxtı”dır, həm də “Türk Dünyasının Gənclər Paytaxtı” elan olunub”.

14-15 yaşlı yeniyetmələrin iştirak etdiyi Olimpiada riyaziyyat, fizika və kimya fənləri üzrə keçirilib. Hər üç fənnin nəticələrinə əsasən, qaliblər müəyyən olunub. MDB ölkələrindən yeniyetmələrin qatıldığı Olimpiadada ümumi komanda hesabında birinci yerə Rusiya, ikinci yerə Belarus, üçüncü yerə isə Azərbaycan komandası layiq görülüb. Olimpiada qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Olimpiadada 1-ci yerin qalibi Yaroslav Tixonyuk: “Rusiyanın komandasını təmsil edirəm. Olimpiadanın təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Məsələlər çox maraqlı idi. Bizim komanda qızıl medallar qazandı və komanda hesabında birinci yeri tutduq. Digər dostlarımızı da təbrik edirəm. Qaliblərə yeni-yeni qələbələr arzulayıram”.

Olimpiadada 3-cü yerin qalibi Nihat Qocayev: “Bu yarışa Gəncədən qatılmışam. Kimya sahəsinə xüsusi marağım var. Bu fənn üzrə 2 medalım var. Əvvəlcə bizə xəbər gəldi belə bir olimpiyada var, mən də qatılmaq istədim. Özümə əmin idim. İştirak etdim və üçüncü yerə layiq görüldüm“.

Qeyd edək ki, 2013-cü ildən başlayaraq, hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə beynəlxalq status verilib. Beynəlxalq olimpiadada azərbaycanlı iştirakçılarla yanaşı, MDB ölkələrindən nümayəndələr də yarışıb.

Oxşar Xəbərlər