Laçın rayonu

Laçın rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Laçın şəhəridir. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.

Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir.

Tarixi

Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin binası

Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.

XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar.

Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı.

1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı.

Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə indiki Laçın yeni yaradılan Zəngəzur qəzasına qatılır. Zəngəzur qəzası Yelizavetpol quberniyasına (Gəncə quberniyası) daxil idi, 1918-ci ildən 1922-ci ilədək isə Qarabağ quberniyasının tərkibində olmuşdur.

1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında “Qanlı dərə” adlandırıldı.

Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.Laçının SSRİ dövründəki gerbi

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrini göndərir. Dağ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstələri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, Dağı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu.

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzur bölgəsi 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən [4] 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Azərbaycan SSR-in tərkibində qalan hissə Şuşa qəzasına daxil edildi. 1923-cü il iyulun 7-də DQMV-nin yaradılması nəticəsində Şuşa qəzası 2 hissəyə bölündü — Şuşa şəhəri də daxil olmaqla Şuşa rayonu DQMV-nin tərkibinə keçdi. Artıq bu dövrdə Şuşa qəzasının DQMV-nə daxil edilməyən hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. İndiki Laçın, Qubadlı və Kəlbəcər rayonlarının ərazisini əhatə edən ərazidə Kürdüstan qəzası yaradıldı. İnzibati mərkəz müvəqqəti olaraq Şuşa şəhərində yerləşsə də, elə həmin il — 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında kiçik bir şəhər salındı və qəza mərkəzi ora köçürüldü. Relyef və ora yaxın kəndin adı nəzərə alınmaqla Tağı Şahbazinin təşəbbüsü ilə şəhərə Laçın adı verildi.

Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyələrindən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində rayonlar yaradıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi 3 rayon — Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.

Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970–1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Laçın rayonunda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, camaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.

Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada “Qasımuşağı” adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.

Abidələri

Əsas məqalə: Laçın abidələri

Ermənistan tərəfindən işğalının nəticələri

264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, “Taxta-körpü” qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

Rayon ərazisi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən 2 gün sonra Ermənilər tərəfindən rayonun işğalına beynəlxalq aləmdə don geyindirmək məqsədi ilə qondarma “Kürd Respublikası” yaradılması ortaya atıldı. İrəvan bələdiyyə orqanlarının təşkilatçılığı ilə bu ideyanı dəstəkləyən bir dəstə kürd əhali (təxminən 50 nəfərə yaxın şəxs) avtobuslarla xüsusi olaraq Laçın şəhərinə gətirilimişdi. Əsas kimi isə 1923-cü ildə yaradılan Qırmızı Kürdüstan göstərilirdi. Halbuki, Qırmızı Kürdüstan yaradılarkən siyahıya alınma nəticəsində yerli əhalinin 94 % Azərbaycan türkü, 6 % isə kürd olması müəyyənləşir. Sosial bazanın olmamasından dolayı muxtariyyət 1929-cu ildə ləğv edilmişdir.

Qondarma Respublikanın baş naziri Vəkil Mustafayev seçilir və bu işin təşkilatçıları kürdləri Laçına çağırması bir nəticə verməmişdi. Buna səbəb isə Laçın işğal olunarkən azərbaycanlılarla bərabər kürdlərdə ərazini tərk etmişdilər. Bu səbəbdən sosial bazanın olmaması qondarma respublikanın mövcudluğunu mümkünsüz edirdi. Üstəlik bölgənin kürd əhalisi say baxımdan Azərbaycan türklərindən dəfələrlə az idi. Qondarma respublika elan edilsə də fəaliyyətə başlamamışdır və tezliklə ləğv edilmişdir.

Coğrafiyası

Təbiəti

Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-çərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ0qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, süleysin və s. aiddirlər. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür. Orta temp-r yanvarda −10 °C-dən 0 °C-yədək, iyulda 10–22 °C-dir. İllik yağıntı 600–900 mm-dir. Rayonun cəmi torpaq sahəsi 166488 hektardır. Ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeridir.

İnzibati-ərazi bölgüsü

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

İşğal olunmuş rayonun yerli əhalisi 01 yanvar 2014-cü il tarixə 81.4 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirir. Bu məqsədlə əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonuna ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirir. ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.

Milli tərkibi

2009-cu il əhalinin siyahıyaalınması məlumatına əsasən rayon əhalisinin 66671 nəfərini azərbaycan türkləri, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir.

Qeyd

  1. kürdlər etnik azərbaycanlı olaraq siyahıya alınıblar

Məskunlaşma siyasəti

Qarabağ müharibəsindən sonra imzalanan atəşkəsdən dərhal sonra Ermənistan hakimiyyəti tərəfindən Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndin məskunlaşdırılmasına dair məxfi əmr verilmişdi. Ermənistan bununla Dağlıq Qarabağı aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı. Ermənistan o vaxt hesab edirdi ki, Laçın rayonunun dörd yaşayış məntəqəsinin məskunlaşdırılması kifayətdir. Lakin ermənilərin və müharibə veteranlarının planları daha böyük idi. Onlar iddia etdilər ki, işğal etdikləri ərazilərin hamısında məskunlaşmağa haqları var, çünki bu ərazilər “qədim erməni torpaqlarıdır”. Nəticədə 1995-ci ildə Laçın rayonunun 4 yox, 12 kəndində ermənilər qanunsuz məskunlaşmışdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan ermənilərin sayı 13.500-ə çatmışdı.

Tanınmış şəxsləri

  1. Ələsgər Xanlar oğlu Novruzov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı.
  2. Əvəz Həşim oğlu Verdiyev — Sovet İttifaqı Qəhrəmanı, İkinci dünya müharibəsi iştirakçısı.
  3. Fazil Umud oğlu Mehdiyev — Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi iştirakçısı.
  4. Firudin Bəy Daryalı — Ordu generalı.
  5. İskəndər bəy Sultanov — daşnaksütyun və erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısı.
  6. İsrafil Şahverdi oğlu Şahverdiyev — Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi iştirakçısı.
  7. Kamil Baladə oğlu Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi iştirakçısı.
  8. Müseyib İlyasov — Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri.
  9. Hüseyn Kürdoğlu — XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri, filologiya elmləri namizədi
  10. Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov — Azərbaycan Demokratik Respublikası dövründə Nazirlər Şurasının sədri.
  11. Oqtay Güləli oğlu Güləliyev — Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi iştirakçısı.
  12. Qara Murtuza bəy — XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi,Qarabağın Hacısamlı nahiyəsinin bəyi.
  13. Qorxmaz Abış oğlu Eyvazov — Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi iştirakçısı.
  14. Rövşən Cavadov — Azərbaycan Daxili İşlər nazirinin müavini,OMON-nun komandiri
  15. Sarı Aşıq — XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığı.
  16. Sultan bəy Sultanov — xalq qəhrəmanı.
  17. Vüqar Novruzov — hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədri.
  18. Xanlar Məmmədov — Azərbaycan Kommunist Partiyasının Laçın Rayon Komitəsinin 1-ci katibi, Laçın Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikasının Xalq Deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Üzvü.
  19. Xosrov bəy Sultanov — Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ General Qubernatoru, həkim.
  20. Zöhrab Qarayev — Azərbaycan Dövlət Tibb Universitetinin professoru
39°38′ şm. e. 46°33′ ş. u.
Ölkə Azərbaycan
DaxildirKəlbəcər-Laçın iqtisadi rayonu
İnzibati mərkəzLaçın
İcra başçısıAqil Nəzərli
Tarixi və coğrafiyası
Yaradılıb8 avqust 1930
Sahəsi1 835 km²
Hündürlük1.164 m
Əhalisi
Əhalisi80.163 nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-LAC
Telefon kodu994 26
Poçt indeksi4100
Avtomobil nömrəsi041

Oxşar Xəbərlər