Sentyabrın 1-nə təyin olunan Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər 121 saylı Laçın seçki dairəsi üzrə 110 məntəqədə keçiriləcək. Laçın rayonundan olan seçicilər respublikanın müxtəlif şəhər və rayonlarında səs verəcəklər. Məntəqələrin altısı işğaldan azad edilmiş ərazilərdə yerləşir.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasının sədri Hüseyn Səfərov bildirib. Komissiya sədrinin sözlərinə görə, dairə üzrə 57 min 649 seçici qeydə alınıb ki, onlardan 766 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1367 nəfəri 80-100 yaş arasında, 1 seçicinin yaşı isə 100-dən yuxarıdır. 1920-ci il təvəllüdlü Milayim Mustafayeva dairə üzrə qeydə alınan ən yaşlı seçicidir.
H.Səfərov qeyd edib ki, dairə və məntəqə seçki komissiyalarında sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq işləri başa çatıb və bütün seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib. Seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanılması da yekunlaşmaq üzrədir.
Dairə üzrə 8 nəfər deputatlığa namizəd qeydə alınıb. Seçkilərin gedişini izləmək üçün 1370 nəfər müşahidəçi qeydiyyatdan keçib.