Avqustun 2-də Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirilir.
QİA.az-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov iştirak edirlər.
Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə əzəli yurdumuz Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi avqustun 7-dək davam edəcək. Düşərgədə 60 ölkədən gələn 115 gənc, o cümlədən azərbaycanlılar və ölkəmizə dost münasibət bəsləyən digər xalqların nümayəndələri iştirak edirlər.
Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimiz, həmçinin müxtəlif sahələr üzrə ekspertlər ilə görüşmək, maraqlı panel və seminarlarda iştirak etmək, eləcə də əylənmək və intellektual oyunlar oynamaq imkanı qazanacaqlar. Bununla yanaşı, düşərgə müddətində gənclərin “İslimi” xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, Həkəri Balıq Təsərrüfatına, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşaya və Qarabağın bir sıra digər şəhərlərinə səfərlərinin təşkili nəzərdə tutulur.
Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları və digər amillər üçün gözəl fürsətdir. Düşərgədə Azərbaycan dilində ünsiyyət bacarığı olan 18-29 yaşlı gənclər iştirak edirlər. Düşərgədə iştirak xərcləri tam şəkildə ödənilir.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə indiyədək diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində dörd yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.