Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq – Deputat

Laçın Qarabağın cənnətməkan yerlərindən biridir. Laçın bizim canımızdan bir parçadır. Çox tezliklə ona da qovuşacağıq. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, Azərbaycan xalqının əzmi bizi bütün uğurlara addım-addım yaxınlaşdırır. Laçın da bizim növbəti uğurumuz olacaq. İntizarla gözləyirik bu anı.

QİA.AZ xəbər verir ki,bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, müharibənin gedişində bizim əsgərlərimiz elə bir qəhrəmanlıq nümunəsi göstərdi ki, Azərbaycanın lideri, möhtərəm Prezidentimiz ortaya elə bir mövqe qoydu ki, düşmən geri çəkilməyə və üçtərəfli bəyənatı imzalamağa məcbur oldu:

“Artıq Ağdam qayıdıb, artıq Kəlbəcər bizimdir. Müqaviləyə əsasən, Laçın da qayıtmalıdır. Həm də bir güllə atılmadan. Təbii, ermənilər yas içindədirlər, Ermənistan xaosa bürünüb. Onlar mövcud durumu heç cür həzm edə bilmirər. Amma həzm edəcəklər. Etməlidirlər. Başqa yolları yoxdur. Eynən cənab Prezident İlham Əliyevin söylədiyi kimi – “Bizim dəmir yumruq düşməni məcbur etdi ki, geri çəkilsin, uçtərəfli müqaviləni imzalasın”.

Deputat qeyd edib ki, Laçın ərazi baxımından Dağlıq Qarabağın ən böyük şəhərlərindən biridir:

“Laçın təbii ehtiyatları ilə zəngin bir məkandır. Birinci Qarabağ savaşında Laçın uğrunda qəhrəman oğullarımız şəhid olub, Laçında qəhrəmanlarımızın məzarı var. Və Laçın həm də strateji bir ərazidir. Ona görə də ermənilər oraya böyük hərbi arsenal yığmışdı, Laçında istehkam qurmuşdu. Fəqət, bu istehkamlar hər nöqtədə darmadağın edildi: həm hərb, həm siyasət, həm informasiya, həm də diplomatiya sahəsində.

Azərbaycan xalqının əzmi, qətiyyəti və gücü ermənini dizüstə çökdürdü. Ona görə də üçtərəfli müqaviləni bağlamağa məcbur oldular.

Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik. Laçın da qayıtsın, tam olaq, arzumuza çataq. Eşq olsun Azərbaycan ordusuna. Eşq olsun Ali Baş Komandana. Eşq olsun Azərbaycan xalqına. Qarabağ Azərbaycandır!”.

Oxşar Xəbərlər