Latviya ilə ticarət və investisiya münasibətlərinin dərinləşdirilməsi müzakirə olunub – FOTO

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Latviya biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, İKT, ticarət və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak edib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığının inkişaf etdiyini vurğulayaraq, bu münasibətlərin işgüzar dairələr arasında əlaqələrin intensivləşdirilməsi hesabına daha da gücləndirilməsinin vacibliyini ifadə edib. Nazir müavini Azərbaycan-Latviya investisiya və ticarət tərəfdaşlığının genişləndirilməsi baxımından kənd təsərrüfatı sektorunun potensialını yüksək qiymətləndirib.

Forumda çıxış edən Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Rayvis Kronberqs Latviyanın Avropa İttifaqının tvinninq proqramları çərçivəsində Azərbaycanla uğurlu investisiya tərəfdaşlığından bəhs edərək, ölkəmizlə kənd təsərrüfatı, bərpa olunan enerji, İKT və turizm sektorlarında əməkdaşlığın geniş perspektivlər vəd etdiyini diqqətə çatdırıb.

Tədbirdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın ixrac və investisiya potensialı, Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin məsləhətçisi Romans Naudinş isə ölkəsinin aqrar sahədə təklif etdiyi imkanlar haqqında çıxış ediblər.

Forumda, həmçinin Latviya şirkətlərinin nümayəndələri tərəfindən təqdimatlar nümayiş olunub.

Tədbir B2B formatda görüşlərlə davam edib.

Oxşar Xəbərlər