Livanda etirazçılarla polis arasında toqquşmalarda 226 nəfər xəsarət alıb

Yan28,2021

Livanda, Tripolinin şimalında baş verən qarışıqlıqlar zamanı xəsarət alanların sayı 226 nəfərə çatıb.

“QİA.AZ” xəbər verir ki, bu barədə NNA agentliyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan nümayəndəliyi, habelə ölkənin təcili və fövqəladə yardım xidmətinə istinadən məlumat yayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan nümayəndəliyinin məlumatına görə, xəstəxanalara 35 nəfər çatdırılıb, xəsarət almış daha 67 nəfərə hadisə yerində tibbi yardım göstərilib. Öz növbəsində təcili və fövqəladə yardım xidməti bildirib ki, 31 nəfər xəstəxanaya yerləşdirilib, 93 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Tripolidə nümayişçilər və polis əməkdaşları arasında toqquşmalar üç gündür davam edir.

Küçələrə çıxan vətəndaşlar həyat şəraitinin yaxşılaşdırılmasını və koronavirusa görə tətbiq edilmiş komendant saatının ləğvi üçün tədbir görməyi tələb edirlər. Aksiya iştirakçıları hakimiyyəti fəaliyyətsizlikdə və aztəminatlı ailələrin ac qalmasında ittiham edirlər.

Oxşar Xəbərlər