“Liverpul” yoldaşlıq görüşündə “Sevilya”ya 4 qol vurub

İngiltərənin Liverpul şəhərində eyni adlı futbol komandası ilə İspaniyanın “Sevilya”sı arasında yoldaşlıq görüşü keçirilib.

QİA.az “Report”a istinadən xəbər verir ki, matç “qırmızılar”ın “Enfild” stadionunda baş tutub.

Ümumilikdə beş qolun vurulduğu matçda hesab birinci hissənin ortasında açılıb: 30-cu dəqiqədə “Liverpul”un portuqaliyalı hücumçusu Dioqu Jota təktoxunuşlu zərbə ilə Trent Aleksander-Arnoldun hava ötürməsini baxımlı qola çevirib. Doqquz dəqiqə sonra kolumbiyalı Luis Dias fərqi ikiyə çatdırıb. Ona dəqiq ötürməni isə birinci qolun müəllifi edib. Birinci hissəyə əlavə edilmiş vaxtda Diasın “Sevilya” qapısına doğru növbəti reydi uğurla nəticələnib – 3:0. Məhsuldar ötürmənin müəllifi isə macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai olub.

İkinci hissədə isə İspaniya təmsilçisi qollardan birinin əvəzini çıxa bilib: 67-ci dəqiqədə Xerard Fernandes Çidera Ecukenin ötürməsindən maksimum yararlanıb. Lakin Qarsiya Pimyentanın yetirmələrinin sevinci cəmi iki dəqiqə çəkib: 69-cu dəqiqədə 17 yaşlı hücumameyilli yarımmüdafiəçi Treymoris Nyoni komandasının və oyunun sonuncu qolunu vurub – 4:1.

Beləliklə, Arne Slotun “Liverpul”u ardıcıl dördüncü yoldaşlıq matçında qələbə qazanıb. Daha əvvəl “qırmızılar” İspaniyanın “Real Betis”i, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”in öhdəsindən gəlmişdilər.

Qeyd edək ki, İspaniya La Liqası avqustun 15-də, İngiltərə Premyer Liqası isə 16-da başlayır.

Oxşar Xəbərlər