Mədəniyyətlərarası Dialoq Forumu: “İqlim dəyişikliyi fonunda mədəni irs” mövzusunda plenar sessiya keçirilib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” mövzusunda plenar sessiya keçirilib.”Report” xəbər verir ki, sessiyaya moderatorluğu Böyük Britaniyanın UNESCO üzrə Milli Komissiyasının baş icraçı direktoru və baş katibi Ceyms Bric edib.Tədbir çərçivəsində açılış nitqi ilə çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, bu sessiyada iqlim dəyişmələri fonunda mədəni irsin qorunmasından danışılacaq.O vurğulayıb ki, mədəni irs həmişə ətraf-mühitin bir hissəsi olub və onun təsirlərinə məruz qalıb: “Bu gün bu proseslər iqlim dəyişiklikləri fonunda özünü daha çox büruzə verir. UNESCO-nun siyahısında olan ən azı 6 obyekt hazırda ölkədə iqlim dəyişikliyi nəticəsində təhlükə altındadır. Kür və Araz çaylarında, o cümlədən Xəzər dənizində suyun səviyyəsində azalması müşahidə olunub. İqlim dəyişikliklərinin təsiri açıq şəkildə sezilir. Bu kimi dəyişikliklər torpaqların erroziyasını da sürətləndirir. İqlim dəyişiklikləri nəticəsində qayaüstü rəsmlərdə də müəyyən dəyişikliklər olub. Yağışın azalması Damcılı ərazisinə təsir göstərib. Quraqlıq sahəsinin artması kənd təsərrüfatına da mənfi təsir edib. 30 il ərzində Ermənistanın işğalı altında olmuş abidələrimiz, təəssüf ki, darmadağın edilib. Qarabağ və Şərqi Zəngəzurda onminlərlə tarixi abidə məhv edilib. 100-dən çox abidəyə çıxış imkanı əngəllənib, bunun səbəbi isə həmin ərazilərə ermənilər tərəfindən minaların döşənməsidir”.Frison Horta Fondunun təsisçisi və baş direktoru Nupur Tron isə çıxışı zamanı son yeddi il ərzində memarlıq üzrə bir çox araşdırmalar apardığını deyib: “Biz burada həm də irsin idarə edilməsi və özəl sektorun cəlb olunması məsələsinə də toxunmalıyıq. Əgər kimsə Hindistandan gəlirsə, o həmin ölkədəki təcrübəsini bölüşməlidir”.Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Albino Jopela Ümumdünya Mədəniyyətlərarası İrs Konvensiyasının tətbiqi ilə məşğul olduqlarını söyləyib: “Afrikada UNESCO-nun maddi-mədəni irs siyahısında olan təxminən 2 minə yaxın abidə var. Onların 6 faizə yaxını təhlükə altındadır. İqlim dəyişiklikləri dünya irsinə ən böyük təhlükələrdən biridir. Siyahıda olan Afrika abidələrinin 7 faizinə iqlim dəyişiklikləri birbaşa təsir göstərir. İqlim dəyişiklikləri məsələsi ilə bağlı əsas çağırışlardan biri qərarların qəbulu və tətbiqi məsələsidir. Bizim fondumuz bu istiqamətdə ümumi təşviqat işləri aparır. Çalışırıq ki, yerli ekspertlərin təkmilləşdirilməsinə fayda verək. Azərbaycan tərəfi fəaliyyətimizi dəstəkləmək üçün Afrika Ümumdünya İrs Fonduna öz maliyyə dəstəyini göstərir, biz buna görə Azərbaycana təşəkkür edirik”.

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirib ki, Azərbaycanda 7 mindən artıq memarlıq abidəsi mövcuddur: “Dövlətimiz abidələrin qorunmasına böyük diqqət ayırsa da, bəzi abidələrin qorunması ilə bağlı müəyyən problemlər var və bu abidələr işğaldan azad olunmuş ərazilərimizdə yerləşir. Problemin səbəbi isə həmin ərazilərə işğal dövründə çoxlu minalar basdırılmasıdır, mina səbəbilə biz o abidələrə yaxınlaşa bilmirik, üstəlik, arxeoloji qazıntıların aparılmasında mina problemi böyük maneədir”.

Oxşar Xəbərlər