Müdafiə sənayesi naziri Mədət Quliyev Minsk şəhərində keçirilən “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi çərçivəsində Belarusun müdafiə naziri Viktor Xrenin ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən “QİA.AZ“a verilən məlumata görə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət başçılarımızın yaxın dostluq əlaqələrinin ölkələrimiz və xalqlarımız arasındakı qarşılıqlı hörmət və etimada söykəndiyini qeyd edən Mədət Quliyev Azərbaycanın Belarus ilə bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etdiyini vurğulayıb.
Nazir son illərdə ölkəmizdə hərbi quruculuq istiqamətində aparılan irimiqyaslı islahatlar çərçivəsində Ordumuzun maddi-texniki bazasının xeyli inkişaf etdiyini, döyüş hazırlığı səviyyəsinin yüksəldiyini söyləyib. Diqqətə çatdırılıb ki, hərbi-texniki sahədə Azərbaycan-Belarus əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha da uğurla inkişaf etdiriləcək.
Viktor Xrenin bu cür müzakirələrin ikitərəfli hərbi əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını, Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın bundan sonra da davam edəcəyindən əmin olduğunu deyib.
Danışıqlar iki ölkə arasında hərbi-texniki əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.