Məhəmməd Cavad Zərif: Naxçıvan Qafqazda sülh üçün mərkəz rolunu oynayacaq

Yan 30, 2021

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündən sonra mətbuata bəyanatla çıxış olub.

QİA.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər nazirinin Naxçıvana səfərinin bölgə dövlətlərinin birgə əməkdaşlığının təşkili ilə bağlı olduğunu vurğulayıb: “Bölgə dövlətlərini əhatə edən səfər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında başa çatır. Ermənistanın işğalçılıq siyasətinə son veriləndən sonra bölgə dövlətləri arasında əməkdaşlığın yaradılması səfərin əsas müzakirə mövzusu olub. Təşəbbüsə və səfərə görə İran İslam Respublikasının xarici işlər nazirinə minnətdarlıq edirik. Əminik ki, bu səfərin nəticələri uğurlu olacaqdır. Təbii ki, bu da bölgə dövlətlərinin birgə fəaliyyətindən asılıdır”.

İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə regional səfərini Bakıdan başlayıb Naxçıvanda bitirməsindən məmnunluğunu ifadə edib: “Naxçıvan Muxtar Respublikası gələcəkdə Qafqazda yaranacaq sülh əməkdaşlığı üçün mərkəz rolunu oynayacaqdır. Elə etməliyik ki, müharibənin acı nəticələri bir daha yaşanmasın. Buna da bir-birimizlə faydalı əməkdaşlıq etməklə nail olmaq mümkündür. Bu əməkdaşlıqda və kommunikasiya yollarının birləşməsində Naxçıvan Muxtar Respublikasının çox böyük əhəmiyyəti vardır. Beş ölkədə səfərdə olduğum zaman aparılan danışıqların nəticəsi olaraq əminəm ki, istər şimal-cənub, istərsə də cənub-qərb dəhlizləri olmaqla, gələcəkdə yaxşı əməkdaşlıq edə, telekommunikasiyalar quraraq əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıra bilərik. Bunun nəticəsində də Fars Körfəzini Rusiyaya və Qara dənizə birləşdirə bilərik. Bütün bu dəhlizlərin işə salınmasında Naxçıvan Muxtar Respublikasının böyük əhəmiyyəti olacaqdır”.

Oxşar Xəbərlər