Məhkəmə “Azəriqaz”ın Baş direktoru ilə bağlı qərarı ləğv edib

May21,2021

Xəzər Rayon Məhkəməsi Azərbaycan Döblət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev barəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunmuş inzibati qərarı ləğv edib.

Bu barədə “QİA.az”a “Azəriqaz”dan məlumat verilib.

Bildirilir ki, vəkil Fərid Məmmədlinin verdiyi məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Azəriqaz” İB-nin Metrologiya Departamentinin “Sayğacların müayinəsi laboratoriyası”nın 6-cı dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri vəzifəsinə işə götürülmüş Tural Səfərovun işdən qanunsuz azad edilməsi ilə əlaqədar 26 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən R. Əliyev İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə) ilə təqsirli bilinərək 1 500 manat məbləğində inzibati qaydada cərimə edilib.

Vəkil qeyd edir ki, həmin qərar qəbul edilərkən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının pozulmasına yol verilib. “Bununla əlaqədar tərəfimizdən məhkəməyə verilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilmiş və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilib”.

Oxşar Xəbərlər