Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olan “Məktəblilər üçün karyera məsləhətçisi” layihəsi çərçivəsində Sabirabad rayon Qaraağac kənd tam orta məktəbinin şagirdləri üçün “Karyera haqqında ilkin məlumatlar”, “Karyera planlamasının əsasları” kimi mövzularda təlimlər təşkil edilib.
QİA.AZ xəbər verir ki, təlimlər zamanı məktəblilər karyera quruculuğu ilə bağlı komanda formasında fərqli tapşırıqlar icra etməklə mövzu ətrafında özlərinin praktiki biliklərini və ümumi bacarıqlarını inkişaf etdiriblər. Təlimlərdən öncə məktəblilər arasında karyera inkişafı ilə bağlı sorğu keçirilib.
Eyni zamanda iştirakçılar təlimlər zamanı müxtəlif praktiki tapşırıqlar icra edir ki, bu da onlar üçün mövzuların daha yaddaqalan olmasını təmin edir.
Qeyd edək ki, təlimlər müxtəlif mövzular ətrafında davam edəcək. Təlimlərdə yuxarı siniflərdə təhsil alan 25 şagird iştirak edir. Layihənin icrası müddətində müxtəlif qurumlarla, xüsusilə Sabirabad rayon Təhsil Şöbəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad nümayəndəliyi ilə sıx əməkdaşlıq edilir.