“Futbolçularıma təşəkkür edirəm. Azarkeşlərlər üçün maraqlı oyun oldu. İlk matç idi. Rəqibin əvvəlki müsahibələrinə qulaq asmışdıq, istəkli idilər. Biz də ciddi yanaşmışdıq. İki fərqli hissə oldu. İlk yarıda üç qol vursaq da, ikinci yarıda qol epizodlarımız daha çox idi. Amma həmin epizodlara qeyri-ciddi yanaşmaqlarına görə narazı qaldım. İndi də futbolçularımla söhbətim oldu. Fikirlərimi bildirdim. Oyunlara baxıb, epizodları daha geniş müzakirə edəcəyik. Bu günə qədər çox gərgin oyunlar keçiriblər. Fiziki və psixoloji yorğunluq var. Bu bizim işimizdir. Hər oyuna ciddi yanaşmalı, keyfiyyətimizi qoruyub-saxlamalıyıq. Bu oyunun bizə nəticə baxımından və digər detallar yöndən yaxşı faydası olacaq. “Neftçi”yə uğurlar arzulayıram. Stadionda əsl aristokrat azarkeşlər var idi”.
QİA.az Qafqazinfoya istinadla xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi”yə qarşı keçirilmiş ilk oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
– Tural Bayramovun performansı barədə fikirləriniz necədir? Gələcəkdə də yarımmüdafiə mövqeyində oynadacaqsınız?
– Statistikaya baxsaq, yaxşı oyun göstərdi. Əvvəllər də o mövqedə onu oynatmışıq. Əslində, o, əvvəllər bu mövqedə oynayıb. O bacarıq onda var. Bu gün daha keyfiyyətli oynayır. Amma qollara baxsaq fərqli düşünərik. Ancaq digər epizodlara baxsaq, mövqe səhvləri var idi. Daha da bərk olmalıdır. Bunu mütləq bacarmalı, yaxşılaşdırmalıdır. Onu meydana əsas heyətdə buraxdıq, düzgün yararlana bildik. Daha diqqətli, məsuliyyətli olmalıdır.
– Son günlər “Qarabağ”ın futbolçularına xarici klublardan təkliflər var. Konkret kimə təklif gəlib?
– Dəfələrlə bildirmişəm ki, şan-şöhrətə tab gətirmək, dözmək çətindir. Amma klubumuza rəsmi təklif yoxdur. Məni narahat edən məqam da odur ki, çox yazılar olur, çox fikirlər bildirilir. Ayrı-ayrı futbolçularda hiss olunur ki, sanki onlara təkliflər çoxdur. Bəlkə bilmədiyimiz məqamlar var. Amma düzünü desəm, mən bunu meydanda da hiss edirəm. Əfsuslar olsun. Təkbətək danışanda fərqli cavablar alıram. Amma özlərini oyuna nə qədər hazırlaşdırsalar da, meydanda əvvəlki aqressiyası olmur. Bu da normal haldır. Hamımız bunu keçmişik. Yaxın vaxtlarda bunu aradan qaldıracağıq. Futbolçularım peşəkardır. Hamısı yaxşı insanlardır, sözlərə qulaq asan, əməl edən idmançılardır. Amma belə hallar…
– Bu gün Azərbaycan futbolu üçün yeni dönəm başladı. Sizin də adınız da İK-nin siyahısındadır. Gələcəklə bağlı AFFA rəhbərliyi ilə danışmısız?
– Mənə inanan hər kəsə təşəkkür edirəm. Ki, öz etimadlarını göstərirlər. Digər tərəfdən burada kollektiv müzakirə olunacaq fikirlər var. Hərənin öz təklifi ola bilər və bu da müzakirə olunacaq. Bu günə görə fikir bildirə bilmərəm. Çünki ilk görüş sadəcə formal xarakter daşıyırdı. Bir ay ərzində yenidən bir araya gələcəklər və onda ilk müzakirələr başlanacaq. Gələcək üçün hədəf orada bildiriləcək. Bu məlumatları mən tərəfdən yox, federasiya tərəfdən veriləcək. Lazım olsa, razı və yaxud da narazı, fikir bildirmək lazım olarsa, bunu bildirəcəyik. Yeni heyətə uğurlar arzulayıram.
– Bu gün şansınız olsaydı, Azərbaycan futbolunda nəyi dəyişərdiz?
– Bu gün “Qarabağ”ı dəyişməzdim. Bu haqda fikir bildirməyim düz olmazdı.
– Premyer Liqada çempion olduz, bu gün də “Neftçi”ni kubokda uddunuz. Bu hal komandaya gələcək oyunlarda necə təsir edəcək?
– Həmişə yaxşı qələbə komandaya inam verir, komandanın gücünü göstərir. Biz həm qalib gəldik, həm də xoşlamadığım elementlər oldu. Onları da müzakirə edəcəyik ki, futbolçular daha məsuliyyətli olsun. Ancaq pozitiv düşünürəm. “Neftçi” kimi komandaya qarşı qələbənin faydası çox olacaq.
– Adınız “Latsio” və digər klublarla yanaşı hallanırdı. Şəxsən özünüzə müraciət edən olub?
– Bu barədə çox danışmağa ehtiyac yoxdur. Mən öz fikirlərimi yayındırmaq istəmirəm. Uzaqdan-uzağa hansısa xəbər göndərirlər ki, olsa necə idi? Mənim cavabım qətidir, “Qarabağ”dayam. O haqda düşünmürəm.
– Çempionlar Liqasının reqlamentində dəyişiklik olub. İndidən ÇL haqda düşünürsüz? Sizcə bu dəfə daha çətin olmayacaq?
– Format dəyişilib. Amma dəyişilən nöqtəyə kimi eynidir. Biz qarşımıza ÇL-in qrupuna düşmək hədəfi qoryuruqsa, 8 oyunda qalib gəlməliyik. Sonrakı mərhələdir. Biz hər turnirdən maksimum iştirak etməyi qarşıya hədəf qoymuşuq. Komandanı ilk olaraq turnirə kimi sağlam qoruyub-saxlamalıyıq.