Mənim qalib KOMANDANIM! – MƏQALƏ

2020-ci ilin qələbə sevinci çox qəlblərin sevincini üzə çıxardı. Uzun illərin  ümidsizıliyə qapılmış hisslərini eşiyə atdı. İnsanlar ürəkdən sevindilər, dərindən sevinc duydular. Hamının şəninə nəğmələr qoşacağına vəd etdiyi böyük Qələbə aktı sinələrdə birikmiş söz duyğularını vulkanik partlayışla çölə verdi. Əsl ədəbiyyat sinədən gəlməlidir ha! Qələbə sevinci ilə yazılmış ədəbiyyat da məhz bu səmimi insani duyğuları ictimai təzahürə çevirdi, ümumxalq məmnuniyyətini ifadə etdi. Yazılan qiymətli əsərlər isərisində şair Ramiz Babayevin də öz duzu var. Bir Azərbaycan vətəndaşı, xalqın bir nümayəndəsi, olub-keçənlərdən sevinən bir ziyalı, şair kimi o da öz qəlbindən keçənləri ifadə edib bir kitablıq əsərlər yazıb.   Onun ərsəyə gətirdiyi növbəti kitabı “Salam, Şuşa” adlanır və inanıram ki, oxucuların ürəyincə olacaq. Çünki şair elə bil hamının qəlbindən süzülüb gələnləri ümumiləşdirib, hər kəsin ürəyindən xəbər verib. Burada milli mənsubiyyətlə qürur, ümummilli qələbə ilə sonsuz iftixar və sevinc hissləri başlıca yer alıb. Onun “Mən türkəm” şeiri məhz milli qürur, iftixar duyğuları ilə zəngindir. Xüsusilə də Azərbaycan-Türkiyə qardaşlığında türkün güc birliyi və qüdrətindən doğan iftixar, qürur hissləri adamın sinəsini qabardır:
Mən türkəm, eşitsin dünya səsimi,
Türkün intiqamı yamandan yaman.
Lərzəyə salacam yer kürəsini,
Mən türkəm, yeni bir tarix yazıram!

Kitabda “Mənim qalib komandanım”, “Ey Vətən, qələbə günün mübarək”, “Xoş gəldin, Şuşam”, “Sizi qovacağıq iti qovantək”, “Ağ atlı oğlan”, “Haydı, irəli, qardaş”, “Əsgər marşı”, “Əsgər məktubu”, “Şəhid anası”, “Ölməz şəhidlər” və digər şeirlər Vətənin bütövlük və birlik ideallarından irəli gələn duyğuları özündə ifadə edir. “Mənim qalib Komandanım” şeirində Azərbaycan xalqına uzaqgörənliyi ilə müzəffərlik, qalibiyyət bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Qələbə müjdəli Ali Baş Komandan İlham Əliyevə həsr olunub, ona olan ümumxalq sevgisi poetik ifadəsini tapıb. Şeirdə:
Vətənimin vuran qolu,
Uzaqgörən, məğrur, ulu!
Heydərimin İlham oğlu,
Mənim qalib Komandanım!

Tarix yazdı bu günlərə,
Hər gün döndü bir əsərə.
Örnək oldu nəsillərə
Mənim qalib Komandanım!

Şeirdə Ali Baş Komandan İlham Əliyevin “nəyi, nə vaxt, necə etmək lazımdır, mən bilirəm” müdrikliyindən doğan hisslər, habelə problemlər məngənəsinə salınmış bir xalqın oyanışı və düşmənlərini məğlub edərək güc birliyilə qələbə əldə etməsindən doğan iftixar, xalqla lider birliyi kimi məsələlər özünəməxsus ifadə tərzilə əks edilib. Bu hiss və duyğular “Ey Vətən, Qələbə Günün mübarək” şeirində də əks etdirilib:
Zəfərlə açılır hər gələn səhər,
Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər.
Ali Baş Komandan verəndə xəbər
Sevinir dağlarda bitən gül-çiçək,
Ey Vətən, Qələbə Günün mübarək!

Azərbaycan xalqı ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində xalqla dövlət birliyi göstərməkdən başqa həm də döyüş əzmi, döyüş qüdrəti nümayiş etdirdi. Hətta Azərbaycan əsgəri onun üçün müqəddəs yer olan, pir olan, ocaq olan Şuşanın azad olunmasında elə bir görünməmiş şücaət, əzm, döyüş qabiliyyəti nümayiş etdirdi ki, bu, heç bir zaman müharibələr tarixində baş verməmişdi: Azərbaycan Ordusu Şuşanı heç bir döyüş texnikasının iştirakı olmadan, sərt qayaları yalın əlləri ilə qalxaraq Şuşaya daxil olmaq və hər cür silahlanmış düşməni əlbəyaxa döyüşlə məhv edərək almağa qabil olmuşdu. Azərbaycan əsgərinin göstərdiyi bu şücaət dillərə dastan bir hadisə kimi uzun illər bəhs olunacaq. Məhz şair də bu kimi məsələləri öz misralarında ifadə etməyə çalışmaqla oxucusuna xatırlatmaq, ona yaşatmaq və qürur, iftixar duyğuları mənimsətmək istəyir. Elə “Xoş gəldin, Şuşam” şeirində də bu məsələlər dilə gətirilib, o qəhrəmanlıq və şücaətə söz qoşulub:
Ruhuma, canıma xoş gəldin, Şuşam,
İllərin həsrəti qaldı arxada.
Min dəfə şəninə qurban olmuşam,
Sənsiz sığınmışam quru bir ada.

Bayrağın mübarək, yolun mübarək,
Azan sədasıyla oyanan şəhər.
Sıldırım qayadan hücum çəkərək
Səni xilas etdi qəhrəman əsgər.

Şair son dövrlər Ali Baş Komandan İlham Əliyevin dilindən populyarlaşan idiomatik ifadələri də şeirlərinə gətirib, o maraqlı ifadələrə şeir qoşub. Bu ifadələrin arasında cənab Prezidentin ermənilərə müraciətlə dediyi “sizi iti qovantək qovuruq” ifadəsi daha məşhurdur. Şair Ramiz Babayev də bu idiomatik ifadəyə şeir həsr edib və Ali Baş Komandanı dilindən deyilən ifadəni ümumxalq müraciətinə çevirib. Şeirin içərisində şair həmçinin Ali Baş Komandanın dilindən yayılan və dillərdə əzbər olan digər idiomatik ifadələrə də yer verib:
Səksəkə içində axşam, səhərin,
Bizə şərt qoyurdun, hanı şərtlərin?
Bu gün çaş qalıbdır tülkü gözlərin.
İllərin arzusu olubdur gerçək,
Sizi qovacağıq iti qovantək!

Şair Ramiz Babayevin oxucuları ilə növbəti görüşü olan bu yeni kitabında Azərbaycanın Zəfər tarixini canları və qanları ilə yazan şücaətli, qəhrəman əsgərlərə də həsr olunan şeirlər yer alıb. Bu şeirlərdə onların şücaəti, rəşadəti, hünəri böyük şövqlə əks edilib. “Ağ atlı oğlan” şeiri Müzəffər Azərbaycan Ordusunun qəhrəman zabiti, general Polad Həşimova həsr edilib. Əsərdə Azərbaycan əsgərlərinin xilaskarlıq missiyası onun simasında ümumiləşdirilərək şənlərinə nəğmə qoşulub, qəhrəmanlıqları öygü yerinə çevrilib. Şeirdə Azərbaycan əsgəri böyük sevinc və qələbə gətirən ümid yeri olaraq ümumiləşdirilib. Bu notlar şairin “Haydı, irəli, qardaş”, “Əsgər marşı”, “Əsgər məktubu”, “Ölməz şəhidlər” kimi şeirlərdə də yer alıb. “Ağ atlı oğlan” şeirindəki bu bənd də yorulmuş, ümid yolu gözləyən xalqın əhvalı və duyğularını çox mükəmməlliklə ümumiləşdirir:

Gümanlar gümana söykənib qalıb,
Arxalı köpəklər yurdumu alıb.
Qaçqınlar, köçkünlər bezib, qocalıb,
Bəs harda qalmısan, ağ atlı oğlan?!

Və yaxud “Haydı, irəli, qardaş” şeirində:

Hər arzu-niyyətimiz doğma vətənlə təndi,
Şəhidlər ölmədilər, gül-çiçəyə bələndi.
Vətən – uğrunda ölən varsa, vətəndi!
Mən də o gün olaram sizinlə bir silahdaş,
Daha səbr qalmayıb, haydı, irəli qardaş!

Şairin “Əsgər məktubu” şeiri də öz ruhu, orijinallığı ilə diqqəti çəkir. Şair “Şəhid anası”, “Ölməz şəhidlər” kimi şeirlərində də şəhidlərə və şəhidliyə öygü nəğməsi qoşub. Bu şeirlərdə matəmlə qürur, kədərlə iftixar bir-birilə canbir olub.
Vətən sevgisi və vətənə öygü şair Ramiz Babayevin şeirləri üçün xarakterikdir, hətta başlıca xüsusiyyətdir. Bu kitaba toplanmış əsərlərdə də bu ruh özünü açıq-aydın göstərməkdədir. Şair Ramiz Babayevin Vətən anlayışında Naxçıvan da, Şuşa da, Qarabağ da – hamısı doğma Vətəndir, sevginin, məhəbbətin, inamın, imanın qibləsidir. Əgər şair Şuşaya şeir yazırsa, Vətən məhəbbətini ümumiləşdirir. Qarabağı gözəlliyi, mədəniyyəti ilə öyürsə, bütöv Vətənə öygü deyir. Şair Ramiz Babayevin Naxçıvana həsr etdiyi, məhəbbət, sevgi, öygü ifadə etdiyi əsərlərində də məhz Azərbaycan sevgisi özünü təzahür etdirib.
Ramiz Babayevin yeni kitabına daxil olan şeirlər içərisində məzmununda yurd həsrəti, el-oba məhəbbəti olan əsərlər də az deyil. Torpağa bağlılıq, yurd məhəbbəti onun əsərlərinin əsas qayəsini, başlıca xüsusiyyətlərini kəsb edir. “Nənəmə bir ovuc torpaq borcluyam”, “Məni o yerlərə qaytar, ay Allah”, “Dağlar”, “Qədrini bilsən”, “Öldürəcək məni” kimi şeirlərində məhz bu motivlər ön planda dayanıb. “Nənəmə bir ovuc torpaq borcluyam” şeirində yurd həsrəti və bağlılığı özünün daha poetik sanballa göstərir:

Nənəmə bir ovuc torpaq borcluyam,
Tez-tez yuxularda istəyir onu.
Öləndə gözləri üzümdə qaldı,
Nakam arzusunun yetişdi sonu.

Və yaxud “Məni o yerlərə qaytar, ay Allah” şeirində doğma yerlərə həsrət özünün ən mükəmməl poetik ümumiləşməsini tapıb:

Çuxur, bağ yolunda itib izlərim,
Dik daşın üstündə qalıb gözlərim.
Talanıb, dağılıb kəndim, şəhərim,
Məni o yerlərə qaytar, ay Allah.

Beləliklə, Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndəsi olan şair Ramiz Babayevin yenicə çapdan çıxan və oxuculara ərməğan edilən “Salam, Şuşa” adlı növbəti kitabında oxucular vətən həsrəti ilə sevinc dolu vüsalı, kədərlə qüruru hiss edəcəklər. Müzəffər Azərbaycan Ordusunun bəxş etdiyi qələbə müjdəsindən sonra ürəklərdə yanan ümid, aşıb-daşan yaşamaq həvəsi, qurub-yaratmaq eşqi bu əsərlərin əsas məğzini, mənasını təşkil edir. Qələbənin gətridiyi sevinc, qürur, vüqar, fəxarət və s. hər bir şeirin qəlbindən tökülür, düşmənə göz dağı verir, onun miskin vəziyyətini ibrət olaraq göstərir. Bəli, şair Ramiz Babayevin şeirlərində, bu yeni kitabında yeni bir ruh hakimdir. Ən əsası, böyük türkün güclü birliyi, milli qüruru, bütövləşən vətənin vüqarı və özünü bəxtəvər hiss edən vətəndaşlıq duyğuları başlıca yer alıb.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər